Poeziya axşamı keçirilib
|
6.5.2025
|
|
06 may 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birlikdə “Konstitusiya və suverenlik ili” münasibətilə poeziya axşamı keçirilib.
Tədbir başlamazdan öncə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və suverenlik ili” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərinin, Konstitusiyamızın qüdrətinin və suverenliyimizin əlamətdar hadisəsidir. Müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, yazıçı, şair, dramaturq Asim Yadigar “Bu il Konstitusiya və suverenlik ilidir” adlı mövzu ilə çıxış edərək bildirib ki, Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Azərbaycan poeziyasında şairlərimizin müstəqilliklə, suverenliklə bağlı ayrı-ayrı dövrlərdə yazdığı maraqlı şeirlər və poemalarda xalqımızın azadlıq arzuları özünü göstərib. Azərbaycan poeziyasında hər bir şairin şeirində vətənpərvərlik duyğusu və şəhidlik mövzusu üstünlük təşkil edir. Görkəmli şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk və başqaları azadlıq və suverenliyimiz uğrunda mübarizə aparan şairlərdən olmuş, öz şeirləri ilə vətənpərvərlik duyğusunu millətə aşılamışlar. Tarixi zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsi dövründə yaranan poetik nümunələr Azərbaycan poeziyasında tarixi ədalətin bərpasının, mənəvi zəfərin, milli qürurun ən ali ifadəsi kimi təqdim olunub.
Şairlərdən Həsənalı Eyvazlı, Yadulla Zaman, Dilbər Şahbuzlu, Süsən Kərimli, Sona Teymurbəyli, Mirkərim Həsrət, Rəqsanə Nəcəfova, Ünbülbanu Musayeva, Rahilə Nuriyeva, Maarif Təmkin, Əzizə Həsənova, Zeyqəm Vüqar, Elxan Yurdoğlu, Ayxan Hüseynli “Konstitusiya və suverenlik ili”nə həsr etdikləri şeirlərini qiraət ediblər.
Sonda “2025-ci il Konstitusiya və suverenlik ili”dir adlı sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Bəhruz Kəngərli Ev Muzeyinin, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının əməkdaşları və Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin üzvləri olmaqla 45 nəfər iştirak edib.
|
|