Qərbi Azərbaycan ilə bağlı kitablar
|
26.5.2025
|
|
Görkəmli şair, nasir, dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” kitabında son 200 ildən artıq bir dövrdə erməni millətindən olan tarixçilərin, qondarma “tarix”dən ilhamlanan erməni siyasətçilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyalardan, soyqırımından, xalqımızın tarixinə edilən təcavüzdən söhbət açılır. Kitabda ilk dəfə olaraq indiki Ermənistan ərazisində olan və adları yer üzündən silinmiş 650 Azərbaycan kənd və rayonunun təsnifatı verilib. Həmçinin bu ərazilərin qədim rəsmi adları tarixi qaynaqlardan tapılıb bərpa olunmuş, 1918-ci ildən sonra bu yerlərin erməniləşdirilərək dəyişdirilmiş adları, onların coğrafi koordinatları göstərilib.
Əsərdə tarixən əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda (indiki Ermənistan) azərbaycanlı türklərin yaşadığı ictimai-siyasi şərait, ədəbi-mədəni mühit, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının sənət yolu, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyəti, bütövlükdə soydaşlarımızın on illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mərd və mətin mübarizə qələmə alınıb. Ömrünün böyük bir hissəsini o torpaqlarda yaşamış yazıçı şəxsən özünün gördüyü, eşitdiyi və iştirakçısı olduğu hadisələri, müdrik el ağsaqqallarımızı, ermənilərə qarşı mübarizədə qəhrəman oğullarımızı vətəndaşlıq qüruru ilə xatırlayır, təsirli publisistik dillə oxucunu tarixi keçmişimizi unutmamağa çağırır.
|
|