Növbəti tədbir keçirilib
|
30.5.2025
|
|
30 may 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respubliika Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə “Çağdaş şeirimizin klassiki” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında ən yüksək zirvəni fəth etmiş sənətkarlardandır. O yaradıcılığı ilə Vətənimizin müstəqillik ideyalarının carçısına çevrilib. Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamı dahi söz ustadının yaradıcılığına verilən dəyərin bariz nümunəsidir. Onun poeziyası xalqımızın və onu sevənlərin qəlbində daim yaşayacaq.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, yazıçı, şair, dramaturq Asim Yadigar “Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı” və Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova “Bəxtiyar Vahabzadə yaradıcılığının bədii-sənətkarlıq xüsusiyyətləri” adlı mövzularla çıxış edərək bildiriblər ki, Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın, yüzlərlə məqalənin, eləcə də 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şair yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, onun zəhmət adamlarını, təbiətini, insanların daxili aləmini tərənnüm edib. Onun yaradıcılığında türkçülük, Azərbaycançılıq, ideyaları üstünlük təşkil edir. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, xalqımızın azadlıq və istiqlal uğrunda ədalətli mübarizəsini şərh edib. Şairin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək bir sıra dövlət mükafatlarına, orden və medallara layiq görülüb. Onun əsərlərində toxunduğu mövzular indi də öz aktuallığını qoruyub saxlayır və oxucular tərəfindən sevilir.
Kitabxana əməkdaşlarından Yeganə Səfərova, Vəsilə Cəfərova, Elnurə Əsgərova, şairlərdən Sevinc Səbzəliyeva, Mirkərim Həsrət, Sona Teymurbəyli, Məftunə Nur, Dilbər Şahbuzlu, Zeyqəm Vüqar, Əzizə Həsənova, Nərmin Əliyeva və Nubar Əliyeva şairlə bağlı fikirlərini bölüşüb, şeirlərini səsləndiriblər.
Sonda sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respubliika Kitabxanasının, Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşları və şairlər olmaqla 35 nəfər iştirak edib.
|
|