Vəli Baxşəliyev - 70
|
4.6.2025
|
|
04 iyun 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında arxeoloq, tarix elmləri doktoru və professor Vəli Baxşəliyevin anadan olmasının 70 illik yubileyi münasibətilə sərgi təşkil edilib. Sərgidə 17 kitab nümayiş edilir.
V. Baxşəliyevin “Naxçıvanın arxeoloji abidələri” adlı kitabında Naxçıvan Muxtar Respublikası ərazisində qeydə alınan bütün abidələr haqqında ensiklopedik məlumat verilib. Arxeoloji abidələr Naxçıvanın qədim və orta əsrlərə aid maddi-mədəniyyət nümunələrini mədəni-tarixi proses kimi izləməyə imkan verir. “Naxçıvan arxeologiyası yeni tapıntılar işığında” monoqrafiyasında ilk insan məskənlərindən başlayaraq Naxçıvanın qədim abidələri və Naxçıvan arxeologiyasının müxtəlif dövrləri, ölkəmizin qədim sakinlərinin iqtisadi-mədəni əlaqələri, özünəməxsus mədəniyyəti tədqiq edilib. “Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti” monoqrafiyasında Naxçıvanın arxeoloji abidələrindən aşkar olunan maddi-mədəniyyət nümunələri, Gəmiqaya təsvirləri, Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti öyrənilib, qədim mədəniyyət nümunələrinin etnik mənsubiyyəti araşdırılıb. “Ovçulartəpəsi” adlı monoqrafiyası Eneolit və Erkən Tunc dövrü mədəniyyətlərinin, habelə Naxçıvanın qədim mədəniyyətlərinin qonşu Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqələrini tədqiq etmək baxımından olduqca əhəmiyyətlidir. “Qədim Culfa” adlı kitabda Culfa rayonu ərazisində yerləşən arxeoloji, tarixi və memarlıq abidələrinin son araşdırılması zamanı meydana çıxan tədqiqatların nəticələri öz əksini tapıb. “Gəmiqaya təsvirləri” adlı monoqrafiyada Naxçıvanda yaşayan qədim türk tayfalarının dini-mifoloji görüşləri öz əksini tapıb. “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” adlı monoqrafiyada I Kültəpə ətrafında aşkar olunan yeni arxeoloji abidələr haqqında məlumat verilib.
Sərgidə, həmçinin V. Baxşəliyevin “Neolit və Eneolit dövründə Naxçıvanın iqtisadi-mədəni əlaqələri”, “Ərəbyengicə”, “Sədərək”, “2017-ci ildə Naxçıvanın arxeoloji tədqiqi”, “Sirabda arxeoloji araşdırmalar”, “Aşağı Daşarx”, “Naxçıvanın Erkən Dəmir dövrü mədəniyyəti”, “Xələc”, “Şortəpə” və s. kitablar nümayiş edilir. Sərgi 13 iyun 2025-ci il tarixədək nümayiş ediləcək.
|
|