Qərbi Azərbaycan ilə bağlı kitablar
|
20.6.2025
|
|
Ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklərlə üzləşənlərdən biri də Zəngəzur camaatı olub. Təkcə Zəngəzurda yaşayanların deyil, Zəngəzur torpağının, daşının yaddaşında xalqımızın qəhrəman və müdrik keçmişinə dair açılmamış böyük hadisələr vardır.
Şair-publisist Səbahəddin Eloğlunun “Zəngəzur hadisələri” adlı əsəri 1918–1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, apardıqları dəhşətli, qandonduran soyqırımlardan bəhs edir. Bu torpaqlara ordusu ilə işğalçılıq müharibəsinə gələn Andranik Ozanyan, Karo Hambarsumyan, Nijde Karegin, Dro Kanayan, Manuk və başqaları el qəhrəmanı Sultan bəy və Xosrov bəy qardaşları, onların başçılıq etdiyi özünümüdafiə dəstələrinin şücaəti sayəsində məğlub olurlar. Mükəmməl hərbi təhsil almış Sultan bəy rus ordusunda xidmət etməkdənsə Çalbayırda yaşayan el-obasının qayğısına qalmışdır. Əsərin əvvəllərində daşnakların başçısı Andranikin Tat kəndində törətdiyi cinayətlər haqqında söhbət açılır. Bu faciələrin qarşısını alan el qəhrəmanı Sultan bəy Andranikin dəstəsinə qarşı mərdliklə vuruşur və Qaragöl döyüşündə daşnakları ağır məğlubiyyətə uğradır. Əsərdə həmçinin, Sultan bəyin qızı Bəyim xanımın xatirələrindən, el arasında kişi ləqəbi ilə tanınan və düşmənə qarşı igidlik nümayiş etdirən Tavatdan, eləcə də Sultanbəyin, Çal Aslanın, Fərzalıbəyin, Ağaməmmədin döyüş əməliyyatlarından və onları döyüşə ruhlandıran qüdrətli el sənətkarlarının Sarı Aşığın, Aşıq Abbasın şeirlərdən bəhs olunur.
|
|