"Kitabxanaçı günü"
|
20.6.2025
|
|
20 iyun 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Kitabxanaçı günü"nün keçirilməsi ilə bağlı "Kütləvi tədbirlərin keçirilməsi və sənədləşdirilməsi" mövzusunda müzakirə keçirilib.
Müzakirəni giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, kütləvi tədbirlərin keçirilməsində əsas məqsəd kitabxanaya oxucu gəlişini artırmaq, kitabı, elektron nəşrləri və digər çap məhsullarını geniş oxucu kütləsi içərisində təbliğ etmək, mütaliənin səviyyəsini yüksəltməkdir. Hər bir kütləvi tədbir oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov "Kütləvi tədbirlərin keçirilməsi və sənədləşdirilməsi" adlı mövzu ilə çıxış edərək bildirib ki, əlamətdar və tarixi günlərlə bağlı məlumatların əldə edilməsində, görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin yubileylərinin, həyat və fəaliyyətlərinin təbliğ edilməsində, oxucuların mütaliəyə olan maraqlarının artırılmasında kütləvi tədbirlərin rolu əvəzsizdir. Kitabxanaçı ilk növbədə il ərzində həyata keçiriləcək kütləvi tədbirlərin adını və vaxtını illik iş planında əks etdirməlidir. Kütləvi tədbirlər əyani və şifahi təbliğat vasitələri ilə həyata keçirilir. Əyani təbliğat vasitələri dedikdə, sərgilər, fotostendlər, guşələr, reklamlar və s. nəzərdə tutulur. Şifahi təbliğat vasitələri dedikdə, ədəbi-bədii gecələr, biblioqrafik icmallar, kitab müzakirələri, kitab təqdimatları, söhbətlər, yığıncaqlar və s. nəzərdə tutulur. Keçirilən tədbirlərə elan, proqram, gündəlik, tədbirin yekununda isə protokol yazılır. Tədbirlərin sənədləri və çıxışlar qovluqlarda saxlanılır. Keçirilən tədbirlər kitabxananın rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılır.
Sonda elektron lövhədə mövzu ilə bağlı slayd nümayiş edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 22 nəfər iştirak edib.
|
|