"Yaşar Səfərov - 85"
|
24.6.2025
|
|
24 iyun 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Əməkdar artist Yaşar Səfərovun anadan olmasının 85 illik yubileyi münasibətilə sərgi təşkil edilib. Sərgidə bəstəkarın musiqi fəaliyyətindən bəhs edən kitablar və dövri mətbuatda dərc edilən məqalələr nümayiş edilir.
Sərgidə nümayiş edilən Gülyanaq Fərzəliyevanın “Naxçıvan ifaçılıq məktəbinin görkəmli nümayəndələri” adlı kitabında Naxçıvan ifaçılıq sənətinin çoxsaylı istedadlı nümayəndələrindən Səfər Rəcəbov, Əkrəm Məmmədli, Elburus Mehdiyev, Məmməd Nəsirbəyov və Yaşar Səfərovun ifaçılıq sənətinin inkişafında, təbliğində əvəzsiz xidmətləri haqqında məlumat verilib. Cəlil Vəzirov və Jalə Əliyevanın birlikdə yazdığı “Sözlü, nəğməli Naxçıvan” kitabında Naxçıvan MR-də musiqi mühitinin təşəkkülündə, formalaşmasında böyük xidmətləri olan bəstəkarlar, ifaçılar, dirijorlar, eləcə də müğənnilər haqqında məqalələr toplanıb. Kitabda həmçinin, “Ey könül mülkünün barı Naxçıvan” adlı məqalə Naxçıvan torpağına bağlı olan, Naxçıvan diyarını vəsf edən, mahnıları ilə şöhrət tapan Yaşar Səfərova həsr olunub. Rafail Kərimovun “Naxçıvan musiqi mədəniyyəti tarixindən vokal ifaçılıq sənəti” və “Naxçıvan musiqi mədəniyyəti tarixindən. Musiqi təhsili” adlı kitablarında məlahətli səsi, gözəl ifaçılıq qabiliyyəti, pedaqoji fəaliyyəti ilə xalqının rəğbətini qazanmış Yaşar Səfərovun ilk təhsil illərindən başlayaraq musiqi fəaliyyəti və uğurları geniş şərh edilib. 1974-cü ildə dərc edilmiş Qobustan jurnalının 3-cü sayında Baba Vəzirzadənin “Günəşi gözləyirik” adlı məqaləsində Yaşar Səfərov haqqında düşüncələri, səmimi söhbətləri və zəngin repertuarından heyranlıqla söz açılır.
Sərgi 30 iyun 2025-ci il tarixədək nümayiş ediləcək.
|
|