"Yeni kitablar" sərgisi
|
2.7.2025
|
|
02 iyul 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təşkil olunmuş “Yeni kitablar” sərgisində 2025-ci il ərzində kitabxanaya daxil olan müxtəlif elm sahələrini əks etdirən dərs vəsaitləri, monoqrafiyalar, bədii ədəbiyyat nümunələri nümayiş edilir.
Sərgidə nümayiş olunan İ.Əliyevin “İnkişaf – məqsədimizdir” kitabının 141-ci nəşrində dövlət başçısının ölkəmizdə keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində iştirakına, tədbir çərçivəsində müxtəlif dövlət və hökumət rəhbərləri ilə görüşlərinə dair materiallar toplanıb. S.Abbasovanın “İlham Əliyev: Qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı” kitabında 2003-2023-cü illər ərzində milli-mənəvi dəyərlərimizi gender siyasətinin əsas istiqamətinə çevrilməsi yolunda Ümummilli Lider Heydər Əliyev, dövlət başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu tərəfindən görülən işlərdən bəhs olunub. H.Səfərli və İ.Əliyevin “Babək rayonunun tarixi” adlı kitabında Babək rayonun yaranması və bölgənin tarixindən, sosial-iqtisadi inkişafından, tarix-mədəniyyət abidələrindən bəhs olunur. T.Məmmədovanın “Dil əlaqələri və alınma terminlər” adlı dərs vəsaitində dil əlaqələrinin nəzəri aspektləri, alınma terminlərinin formalaşma və inteqrasiya prosesi və bu proseslərin dilin strukturuna və üslubuna təsiri araşdırılıb. M.Rzayevin “Aksiologiya” kitabında müasir şəxsiyyətin aksioloji təşkili, fəlsəfə tarixində dəyərlər probleminə münasibət, dəyərlərin xüsusi formaları, onların azad seçimi kimi məsələlər təhlil edilib. E.Qurbanovun “Yüksək gərginlik texnikası” adlı dərs vəsaiti energetikanın elektrofiziki və texniki problemlərinə həsr edilib. A.H. Əhmədovanın “Radiasiya təhlükəsizliyi” adlı dərs vəsaitində radiaktivlik və ionlaşma anlayışı, radioaktiv tullantıların yaranma mənbələri, AES-lərdə baş vermis nüvə qəzaları və s. haqqında məlumat verilib.
Sərgidə həmçinin İ.Əliyevin “İnkişaf məqsədimizdir” çoxcildiyinin 142-ci kitabı, A.Eldaroğlunun “Öpəndə torpağı bayraq kölgəsi”, E.Atalının “Əgər quşlar olmasaydı...”, Ə.Qədimovun “Naxçıvan xanı Kalbalı xanın saz-söz məclisi”, A.Qəhrəmanın “Qərb ədəbiyyatında kiçik nəsr”, “M.Orucovanın “Ekonometrika”, E.Atayevin “Tədqiqat üsulları”, K.Salmanovanın “Ədədi üsullar”, G.Hümbətova və L.Abdullayevin “Heyvan genetikası”, E.Yurdoğlunun “Mən sözə söykənmişəm”, R.Mirzəzadənin “Səhra qartalı” və s. kitablar nümayiş edilir. Sərgi il ərzində daxil olan yeni çap materialları ilə zənginləşəcək.
|
|