Biblioqrafik icmal
|
4.7.2025
|
|
04 iyul 2025-ci il tarixində Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair Seyid Əzim Şirvaninin anadan olmasının 190 illik yubileyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilib.
İcmalı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Seyid Əzim Şirvani XIX əsr Azərbaycan ədəbiyyatının klassik poeziya ənənələrini davam etdirən sənətkardır. Şair istər öyüd və nəsihətlərində, istər mənzum məktub və hekayələrində, istərsə də satiralarında mütaliəni, elmi və təhsili təbliğ edib, xalqın nicat yolunu bu istiqamətdə görüb. Seyid Əzim Şirvaninin XIX əsrdə məktəb, elm, maarif, mədəniyyət və təhsillə bağlı söylədiyi fikirlərin çoxu bu gün də öz aktuallığını saxlamaqdadır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Nuriyyə Mədətova “Seyid Əzim Şirvaninin bədii irsi” adlı mövzu ilə çıxış edərək bildirib ki, Seyid Əzim Şirvani ədəbi yaradıcılığa XIX əsrin 50-ci illərində lirik şair kimi başlayıb. Onun bədii irsinin böyük bir qismi lirik şeirlərdən ibarətdir. Qəzəl, qəsidə, rübai, qitə, müxəmməs, müstəzad və s. janrlarda yazılmış həmin əsərlərdə Seyid Əzim Şirvani Füzuli ədəbi məktəbinin ənənələrini davam və inkişaf etdirib. O, klassik Şərq şeirinin mütərəqqi ənənələrinin yeni dövrdə qüdrətli varisi, M.F.Axundovun maarifçilik ideyalarının davamçısı, M.Ə.Sabirin və S.M.Qənizadənin müəllimi olub. Azərbaycan uşaq ədəbiyyatının görkəmli yaradıcılarından biri kimi şöhrət qazanmış Seyid Əzim Şirvaninin ədəbi irsinin mühüm hissəsini uşaq və gənclərin təlim-tərbiyəsinə həsr etdiyi əsərlər təşkil edir. Ədibin uşaqlar üçün yazdığı “Rəbiül-ətfal” və “Tacül-kütup” dərsliklərində elmin, biliyin təbliği, məktəbə, mədəniyyətə çağırış motivləri, vətənə məhəbbət, doğma yurda bağlılıq hissinin ifadəsi mühüm yer tutur. Şairin yaradıcılığında ictimai mahiyyət daşıyan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Bəlx qazisi və xarrat", "Elmsiz alim", "Alim oğul ilə avam ata", "Qafqaz müsəlmanlarına xitab" və s. satiraları xüsusi yer tutur. Onun maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoyub.
Sonra Məmməd Səid Ordubadia adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova ədibin kitabxananın fondunda olan kitabları haqqında məlumat verib.
Sonda sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadia adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 28 nəfər iştirak edib.
|
|