Yubiley tədbiri keçirilib
|
9.7.2025
|
|
09 iyul 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yazıçı Nağı Nağıyevin anadan olmasının 115 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Nağı Nağıyev Azərbaycan nəsrinin inkişafında özünəməxsus yer tutub. Böyük söz ustası Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən C.Məmmədquluzadə, H.Cavid, M.S.Ordubadi kimi söz ustalarının layiqli davamçısı olub və nəsrimizin inkişafına öz töhfələrini verib. Onun roman, povest, hekayə, oçerk və felyetonları geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Naxçıvan ədəbi mühitin inkişafında Nağı Nağıyevin xidmətləri” və kitabxanaçı Əfsanə Bayramlı “Ədibin çoxşaxəli yaradıcılığı” adlı mövzularla çıxış edərək bildiriblər ki, Nağı Nağıyev 1936-cı ildə yazdığı ilk hekayəsi ilə bədii yaradıcılığa başlayıb. O, 1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqının yeni təşkil olunmuş Naxçıvan filialının məsul katibi olub və 1951-ci ilə qədər bu ədəbi təşkilatın rəhbəri işləyib. Bu illərdə muxtar respublikanın ədəbi həyatına rəhbərlik edən ədib istedadlı qələm sahiblərinin ədəbiyyata gəlməsinə köməklik göstərib. Onun bədii-publisistik əsərləri və tərcümələri jurnallarda, məcmuələrdə və müxtəlif kitablarda dərc olunub. Görkəmli yazıçının sağlığında “Yer altında”, “Nişanə”, “Dostlar”, “Sumqayıtda”, “İki tale”, “Yaralı qız” və s. adlı 9 kitabı nəşr olunub. Qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olan müəllifin “Həsrət” romanı onun ilk irihəcmli əsəridir. O, əsərlərində daim həyat reallıqlarını işıqlandırıb. “Xoruz”, “Qurbanlıq”, “Canavar”, ”Bildirçin və torağayı”, “Sən də şükür elə” və s. hekayələri yazıçının yaradıcılığında özünəməxsus yer tutur. Ədibin dram janrında yazdığı bədii əsərlər müxtəlif dövrlərdə tamaşaya qoyulub. Yazıçı əsərlərində Naxçıvanın tarixi taleyi ilə bağlı olan məsələlərə də toxunub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 32 nəfər iştirak edib.
|
|