22 İyul Milli Mətbuat və Jurnalistika Günü
|
18.7.2025
|
|
18 iyul 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə sərgi təşkil edilib.
Sərgidə Milli Mətbuatın keçdiyi tarixi yoldan, mətbuatımızın inkişafında əməyi olan ziyalıların həyat və fəaliyyətindən bəhs edən 34 kitab nümayiş edilir.
“Əkinçi” (1875-1877) kitabında milli mətbuatımızın təməli sayılan “Əkinçi” qəzetinin XIX əsrdə Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan bəhs edilib, qəzetdə yer alan məktubların, məqalələrin, xəbərlərin tam mətni verilib. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması münasibətilə nəşr olunmuş “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabında qəzetin maarifin, elmin, ictimai fikrin inkişafına verdiyi töhfələrdən, muxtar respublikada jurnalistikanın inkişafından, cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsindəki rolundan bəhs edən məqalələr toplanıb. 10 cilddən ibarət olan “Molla Nəsrəddin” satirik jurnalının ilk 3 cildində C.Məmmədquluzadə tərəfindən yaradılan jurnalın çətin və şərəfli yolundan söz açılıb, 1906-cı ildən başlanaraq jurnalda dərc olunan felyeton, satira və s. materiallar ardıcıllıqla verilib. Milli Mətbuatımızın 145 illiyinə həsr edilmiş M. Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” kitabında Naxçıvanın inkişafı, tərəqqisi, qədimliyi ilə müasirliyinin vəhdəti, füsnkar diyarın bənzərsiz təbiət gözəllikləri publisistik janrda təqdim edilib. “Naxçıvan dünya mətbuatında” kitabında bir çox xarici ölkələrin mətbuatında Naxçıvanın tarixi abidələri, dini ocaqları, istirahət guşələri, mədəni həyatı haqqında dərc olunan məlumatlardan və Naxçıvana gələn xarici qonaqların Naxçıvan haqqında təəssüratlarından bəhs edilib. T.Abidin “Azərbaycan mühacirət mətbuatı” kitabında Azərbaycan mühacirlərinin İstanbulda nəşr etdirdikləri “Yeni Qafqasya”, “Odlu yurd”, Parisdəki “Azərbaycan”, Berlindəki “İstiqlal” nəşrləri, onların tarixi, mövzusu və ideya istiqaməti və dərc olunmuş materialların dil-üslub xüsusiyyətləri haqqında məqalələr toplanıb.
Sərgidə həmçinin E.Həsənovun “Həsən bəy Zərdabi irsi. Keşməkeşli həyat yolu”, “R.Qasımovun “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında”, Q. Məmmədovanın “Jurnalistikanın əsasları”, H.Əsgərovun “Mirzə Cəlilin satira desantları”, “A.Məmmədlinin “Yüz ilin ədəbi abidəsi”, “Muxtar Respublika mətbuatı: dünən və bu gün”, H.Əliyevin “Qobustan” radiosu mətbuat aynasında”, “Yeni Füyuzat” jurnalı”, R.Gülgünün “Xəbərin rəngi” və digər kitablar nümayiş edilir. Sərgi iyul ayının 29-dək nümayiş ediləcək.
|
|