"Talvar" hekayəsinin müzakirəsi
|
25.7.2025
|
|
25 iyul 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana günü” ilə əlaqədar Xalq yazıçısı Elçin Əfəndiyevin “Talvar” hekayəsinin müzakirəsi keçirilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Elçin Əfəndiyev təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınan, sevilən yazıçılardandır. O nədən yazırsa yazsın, həmişə oxucularının arzu və düşüncələrini nəzərə almağı bacarır. Həm yazıçı, həm alim, həm də dövlət xadimi kimi tanınan Elçin Əfəndiyev oxucuların yaddaşında dərin izlər buraxıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Məsmə Cəfərova “Elçin Əfəndiyevin ədəbi-ictimai fəaliyyəti” və Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Talvar” hekayəsində əməksevərlik” adlı mövzularla çıxış edərək bildiriblər ki, Elçin Əfəndiyevin yaradıcılığı çoxşaxəlidir. O, müxtəlif janrlarda yazsa da, daha çox hekayə, povest və romanları ilə tanınır. Yazıçının hekayələri 1960-cı illərin sonlarında çap olunmağa başlayıb. Bu hekayələrdə insanın daxili dünyası, ailə münasibətləri, sevgi kimi mövzular üstünlük təşkil edir. Onun “Ağ dəvə”, “Ölüm hökmü”, “Mahmud və Məryəm”, “Qırmızı limuzin”, “Bayatılar” və s. romanları çağdaş milli nəsrimizin ən yaxşı nümunələrindəndir. “Talvar” hekayəsinin baş qəhrəmanı sadə peşə adamı olan və ömrünü zəhmətlə keçirlən Əliabbas kişidir. Əliabbas kişinin ailəsi və onun zəhmətsevərliyi əsərin əsas mövzusudur. Atası neftçi olmasına baxmayaraq Əliabbas kişi dülgərlik sənətini seçir və öz xeyirxahlığı ilə camaatın rəğbətini qazanır. Onun övladı və nəvələri də Əliabbas kişinin ləyaqət, saflıq, təvazökarlıq, xeyirxahlıq kimi müsbət keyfiyyətlərini mənimsəyir. Əsərdə zəhmət adamlarının ailə münasibətlətlərindəki səmimilik, milli-mənəvi dəyərlərin qorunub saxlanması, xeyirxah əməllərin insan üçün həmişə vacib olması əks olunur.
Sonra hekayə ətrafında müzakirə aparılıb, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib.
Müzakirədə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 23 nəfər iştirak edib.
|
|