Arif Qədimov - 85
|
1.8.2025
|
|
01 avqust 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, rəssam Arif Qədimovun anadan olmasının 85 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Sərgidə Arif Qədimovun xatirələrindən, tədqiqatlarından və yaradıcılığından bəhs edən 10 kitab nümayiş edilir.
Sərgidə nümayiş edilən “Bir ömrün xatirələri” adlı kitabında rəssamın Ümumilli Lider Heydər Əliyev haqqında xatirələri, mətbuat səhifələrində dərc olunan məqalələri, çəkdiyi rəsm əsərləri və həmkarları ilə bağlı söhbətləri yer alıb. “Müqəddəslər ocağı Naxçıvan” adlı tədqiqat əsərində müəllif Naxçıvan şəhərini, Şərur və Ordubad kimi ən qədim insan məskənlərinin, eləcə də Azərbaycanın digər tarixi əhəmiyət daşıyan şəhərlərinin tarixini, bəşər övladının ilk atası sayılan Nuh peyğəmbərin ilk məskəni və məzarının Naxçıvanda olmasını faktlar və dəlillərlə qeyd edib. “Ağ atlının qisası” kitabında müəllifin müxtəlif illərdə yazmış olduğu poemaları, hekayəsi, şeirləri, toy deyimləri və Naxçıvanın qədim tarixi yerləri ilə bağlı bayatıları verilib. “Naxçıvan Nuhun yurdudur” kitabında Nuh peyğəmbər, onun övladları və törəmələrinin tarixdə qalan izlərini özündə yaşadan qədim insan məskənlərindən biri olan Naxçıvan və Gəmiqayadakı qaya rəsmlərindən, piktoqrafik yazı nümunələrindən və müqəddəs qəbirlərdən bəhs edilib. “Ömrümün yazıları” adlı kitabında Xan Sarayının tarixi haqqında çəkilmiş şəkilləri, Ümummilli Lider Heydər Əliyevin Xan Sarayına gəldiyi zaman onunla bağlı görüşü öz əksini tapıb. “Əshabi-Kəhf dastanı” adlı poemasında Naxçıvanla bağlı toponimlər, pirlər, qəbiristanlıqlar, nekropollar qədim şəhər yerləri və bir çox dini inamlar, adət–ənənələr haqqında oxuculara məlumat verilib. “Əcəmi dastanı” adlı mənzum romanında Əcəminin taleyi, uşaqlıq illəri, Marağaya memarlıq təhsili almağa getməsi, Təbrizdə Sərcahan qalasının bərkidilməsində gördüyü işlər, böyük şair və mütəfəkkir Nizami Gəncəvi ilə görüşü poetik dillə oxuculara çatdırılıb. “Bir ömrü yaşadım, Adəmli, Nuhlu” kitabında müəllifin Gəmiqayadan, Əshabi-Kəhfdən, Naxçıvanda xalçaçılığın tarixindən bəhs edən yazıları və dahi Hüseyn Cavidin keşməkeşli həyatından qələmə aldığı “Qanlı örtük” ədəbi-bədii kinossenarisi yer alıb.
Sərgi 09 avqust 2025-ci il tarixədək nümayiş ediləcək.
|
|