Dövlət Suverenliyi Günü
|
18.9.2025
|
|
18 sentyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsi ilə bağlı “Azərbaycan Respublikasının Dövlət Suverenliyi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq, “Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir” adlı mövzu ilə çıxış edib. Bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır. Dövlətin suverenliyi, bir xalqın özünüidarəetmə, daxili və xarici siyasətində müstəqil qərar vermək hüququnu ifadə edən mühüm anlayışdır. Azərbaycanın Dövlət Suverenliyi Günü isə bu anlayışın ən mühüm rəmzi günlərindən biri kimi ölkənin tarixində əhəmiyyətli siyasi dönüş nöqtələrindən birini təşkil edir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Komplektləşdirmə şöbəsinin kitabxanaçısı Vüsalə Mirzəyeva “Dövlət Suverenliyi Günü: Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri” adlı mövzu ilə çıxış edərək bildirib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın, qəhrəman əsgər və zabitlərimizin, qazilərimizin, şəhidlərimizin qanı hesabına əldə edilib.
Sonda sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 23 nəfər iştirak edib.
|
|