Kitabxanaçı Günü
|
19.9.2025
|
|
19 sentyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxanaçı Günü” ilə əlaqədar ”Musiqi -not şöbəsinin iş prinsipi” mövzusunda müzakirə keçirilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq bildirib ki, Musiqi-not şöbəsinin əsas vəzifəsi öz oxucularını, xüsusən gəncləri milli musiqimizlə, eləcə də bütün ölkələrin musiqi mədəniyyəti ilə tanış etmək, onların estetik tərbiyəsinin daha da genişlənməsinə kömək göstərməkdir. Musiqi-not şöbəsinin fondu sahəvi fond olmaqla özündə yalnız musiqi ədəbiyyatını əks etdirir. Bu ədəbiyyatların əsas hissəsini not yazıları təşkil etsə də, bundan başqa musiqiçilərin, bəstəkarların həyat və yaradıcılığını əks etdirən kitablar, audiovizual materiallar fondu daha da zənginləşdirir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Musiqi-not şöbəsinin müdiri Nailə Rəhimova ”Musiqi -not şöbəsinin iş prinsipi” mövzusunda çıxış edərək bildirib ki, Musiqi-not şöbəsinin mühüm vəzifələrindən biri musiqi ədəbiyyatının təbliğidir. Şöbədə musiqi ədəbiyyatının təbliği üçün əyani təbliğat formalarından istifadə olunur. Əyani təbliğat formalarından biri olan sərgilər yaradılır ki, bu da musiqi ədəbiyyatının təbliği üçün mühüm vasitələrdən biridir. Ayrı-ayrı bəstəkarların, musiqiçilərin yubileyləri ilə əlaqədar, musiqi alətləri ilə bağlı, əlamətdar və tarixi günlərə dair müəyyən mövzular üzrə sərgilər yaradılarkən musiqi əsərləri diqqətlə seçilir. Musiqi əsərləri xüsusilə gənclərdə yaxşı musiqi zövqünün formalaşmasına kömək edir. Musiqi-not şöbəsi əsasən açıq rəf üsulu ilə işləyir. Yəni, oxucu rəfə yaxınlaşaraq istədiyi kitabı seçib abonement yolu ilə evə götürə bilir. Açıq rəf üsulu fondda olan bütün musiqi ədəbiyyatını oxucu qarşısında nümayiş etdirir və beləliklə də həmin oxucuya gələcəkdə lazım olacaq hər hansı bir musiqi ədəbiyyatının yerini təqdim edir. Musiqi ədəbiyyatının abonement yolu ilə evə verilməsi musiqi ədəbiyyatının istifadə dairəsini, yəni təbliğini daha da genişləndirir. Müntəzəm olaraq musiqi şöbəsinin fondu musiqi ədəbiyyatları ilə zənginləşdirilir və oxucuların ixtiyarına verilir. Fondun daim komplektləşməsi və aktual vəziyyətə gətirilməsi, şöbənin işinin səmərəliliyini daha da artırır.
Sonra elektron lövhədə mövzu ilə bağlı slayd nümayiş edilib, mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 20 nəfər iştirak edib.
|
|