27 Sentyabr - Anım Günü
|
24.9.2025
|
|
24 sentyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 27 Sentyabr - Anım Günü ilə əlaqədar sərgi təşkil edilib.
Sərgidə nümayiş edilən N. Məmmədovun “Qarabağ zəfərinin tarixi kökləri və Heydər Əliyev” adlı kitabında Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu, xalq - iqtidar birliyi, Qardaş Türkiyənin mənəvi dəstəyi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən, qələbə və qəhrəmanlıq səlnaməsindən bəhs olunur. Y. Babanlının “Ordubadın qəhrəmanlıq dastanı” adlı kitabında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda yaşamaq hüququndan keçərək özünü bu yolda fəda edən, Birinci və İkinci Qarabağ müharibəsində, eləcə də Antiterror əməliyyatı zamanı Ermənistanın təcavüzünün qurbanına çevrilən Vətən övladlarının – Ordubad bölgəsindən olan şəhidlərin həyatından və onların erməni qəsbkarlarına qarşı qəhrəmanlıqla apardıqları döyüş rəşadətindən bəhs edilir. A. Eldaroğlunun “Zəfər Günəşi” kitabında Zəfər gününə həsr edilmiş şeirlər üstünlük təşkil edir. M. Səxavətqızının “Vətən fədailəri: Şəki şəhidləri” kitabında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin şərəfli ömür və döyüş yolları öz əksini tapır. S. İbrahimlinin “Ölməz qəhrəmanlar” kitabı doğma Azərbaycanımız uğrunda mərdliklə vuruşan, öz qanları bahasına vətənimizi qoruyan Naxçıvan və Maştağa şəhidlərinin bir qisminə həsr olunub. G. Məmmədovanın “Fatehlərin zəfəri” sənədli romanında torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərmiş xüsusi təyinatlıların döyüş yolundan bəhs edilir. K. Rüstəmlinin “44 günün zəfəri” adlı kitabında 44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qələbəsindən, şəhid ucalığından bəhs edən vətənpərvər ruhlu şeirlər toplanıb. Z. Bayramoğlunun “Fədailər” trilojiyasının I kitabında olan “Əks-hücum” sənədli-tarixi romanında 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun, Xüsusi Təyinatlı Qüvvələrin zabit və əsgər heyətinin qələbəsindən, tarixi zəfərindən bəhs edilir.
Sərgidə həmçinin T. Arifqızının “Qarabağda 44 gün”, “Qələbəyə tələsən şəhid”, Q.Qüdrət Naxçıvanlının “Zəfərə adım-addım”, A. Eldaroğlunun öpəndə torpağı bayraq kölgəsi”, A.Yadigarın “Bu yol Heydər yoludur”, T. Eynalovanın “Geridə qalan ömür”, E.Günəşin “Cənnətdən gələn hədiyyə” və s. kitablar nümayiş edilir. Sərgi il ərzində nümayiş ediləcək.
|
|