27 Sentyabr - Anım Günü ilə bağlı tədbir
|
26.9.2025
|
|
26 sentyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana Günü” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birlikdə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
Tədbiri başlamazdan öncə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, 27 Sentyabr -Anım Günündə xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla yad edir. 27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-publisist, dramaturq Asim Yadigar “Qarabağ mövzusu ədəbiyyatımızda” adlı mövzu ilə çıxış edərək bildirib ki, Qarabağın göylərindən Cənnətə yol salanlar, ruhunuz şad olsun. Sizin canınız və qanınız bahasına bu Vətən bütöv oldu. Azərbaycan kimi müqəddəs və əbədisiniz. Şənini vəsf etdiyimiz, ulduzunu, ayını göydə mələklərin öpdüyü, Zəfərimin sancağı olan üç boyalı bayrağımın Qarabağda dikəldiyi hər yer sizin qanınızın axdığı, ruhunuzun Cənnətə ucaldığı müqəddəs məkandır. Çıxışının sonunda şair Qarabağa, şəhidlərə həsr etdiyi şeirlərini qiraət edib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərindən Elxan Yurdoğlu, Sona Teymurbəyli, Təranə Arifqızı, Sevinc Səbzəliyeva, Alməmməd Eldaroğlu, Zeyqəm Vüqar, Əzizə Həsənova, Rəqsanə Tapdıqlı, Mirkərim Həsrət, Ayxan Qəribov Anım günü ilə bağlı öz fikirlərini bildirib və yazdıqları şeirləri bədii qiraət ediblər.
Tədbirin sonunda “27 Sentyabr-Anım Günü” adlı sərgiyə baxış keçirilib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri olmaqla 26 nəfər iştirak edib.
|
|