Biblioqrafik icmal
|
3.10.2025
|
|
03 oktyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yazıçı Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilib.
İcmalı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, görkəmli yazıçı, nasir və maarif xadimi Süleyman Sani Axundov Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biridir. Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olub. Əsərləri bu gün də oxucular tərəfindən böyük maraqla oxunur.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Yazıçı - Süleyman Sani Axundov” adlı mövzu ilə çıxış edərək bildirib ki, S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. O, 1885–1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib və ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub. Ədib 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur "İkinci il" dərsliyini tərtib edib. İlk əsəri "Tamahkar" komediyasını M. F. Axundzadənin "Hacı Qara" əsərinin təsiri ilə qələmə alıb. Yazıçı həmçinin, "Dibdat bəy", "Türk birliyi" komediyalarının, "Laçın yuvası", Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" kimi pyeslərin və bir sıra uşaq əsərlərinin müəllifidir. Ədib "Qorxulu nağıllar" başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub yenilikləri gətirib. O yazdığı əsərlərdə geriliyi və cəhaləti tənqid edib.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Mədəniyyət və incəsənət üzrə məlumat bölməsinin müdiri Nuridə Səfərova ədibin kitabxananın fondunda olan əsərləri haqqında məlumat verib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 25 nəfər iştirak edib.
|
|