|
"Yarımçıq qalmış roman"
|
|
21.10.2025
|
|
21 oktyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlunun “Yarımçıq qalmış roman” adlı kitabının müzakirəsi keçirilib.
Tədbir başlamazdan öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, “Yarımçıq qalmış roman” adlı kitab torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Nicat Rizvan oğlu Məmmədlinin ömür yolundan bəhs edir. Nicat Məmmədlinin həyat hekayəsi yeniyetmə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində böyük rol oynayacaq. Azərbaycan torpaqları Nicat kimi oğullarımız sayəsində bir daha düşmən tapdağına çevrilməyəcək, xoş və firavan gələcəyini quracaq.
Əməkdar mədəniyyət işçisi, yazıçı, şair, dramaturq, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Ədəbiyyatımızda şəhidlik mövzusu”, Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Vətənə layiqli ömür yolu” adlı mövzularla çıxış edərək bildiriblər ki, müəllif aylarla bu kitabın ərsəyə gəlməsi üçün çalışıb və həqiqətən bir şəhidin adına layiq olan gözəl bir kitab yazıb. Azərbaycan ədəbiyyatında və publisistikasında şəhidlik mövzusu hər zaman müqəddəs məqam kimi dəyərləndirilib. Elxan Yurdoğlu kitabda Nicat Məmmədlinin ömrünün bütün məqamlarını ən kiçik detallarına kimi əks etdirib. Kitabda Şəhidin anası Minayə xanımın, atası Rizvan müəllimin, iki qardaş və bir bacısının dediyi fikirlər, müəllimlərinin, dostlarının, qohumlarının, əzizlərinin onun haqqında xoş xatirələri toplanıb. Nəşrdə nur üzlü şəhidimizin uşaq yaşlarından başlayaraq həyatının hər bir mərhələsinə aid fotoşəkillər, ona həsr edilən şeirlər, hətta onun iş dəftəri də yer alıb.
Sonra Şəhid Nicat Məmmədlinin anası Minayə xanım, şəhid Ceyhun Dünyamalıyevin anası Gülnarə xanım, Şəhid Vəli Quliyevin anası Həqiqət xanım kitabla bağlı fikirlərini bildirib, Yazıçılar Birliyinin üzvlərindən Təranə Arifqızı, Alməmməd Eldaroğlu, Tofiq Qəbul, İman Nami, və Naxçıvan Dövlət Universitetinin filologiya ixtisası üzrə təhsil alan III kurs tələbəsi Firuzə Quliyeva şəhidlərə həsr etdikəri şeirləri qiraət ediblər.
Sonda kitabın müəllifi Elxan Yurdoğlu kitabın necə ərsəyə gəlməsindən bəhs edib və tədbirin təşkili üçün kitabxana rəhbərliyinə öz minnətdarlığını bildirib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının, İ.Qasımov adına Naxçıvan şəhər MKS-nın əməkdaşları, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi üzvləri, Şəhid ailələri və tələbələr olmaqla 40 nəfər iştirak edib.
|
|