|
“Seyid Əzim Şirvaninin həyat və yaradıcılıq yolu”
|
|
21.10.2025
|
|
21 oktyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illik yubileyi münasibətilə “Seyid Əzim Şirvaninin həyat və yaradıcılıq yolu” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri var. O, yaradıcılığı boyu xalqının savadlanması, maariflənməsi uğrunda mübarizə aparıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Füzuli ədəbi məktəbinin görkəmli nümayəndəsi – Seyid Əzim Şirvani” və kitabxanaçı Rəqsanə Rzayeva “Ədibin maarifçi görüşləri” adlı mövzularla çıxış edərək bildiriblər ki, şairin bədii irsi Azərbaycan və farsca iki külliyyatdan ibarətdir. Onun əxlaqi-didaktik şeirlərinin gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti var. Seyid Əzim Şirvaninin yaradıcılığının çox hissəsini lirik janrda yazılmış qəzəllər təşkil edir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olub. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayırdı. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata”, ”Qafqaz müsəlmanlarına xitab” və s. əsərləridir.
Sonda sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 25 nəfər iştirak edib.
|
|