|
"Kitabxana Günü" keçirilib
|
|
31.10.2025
|
|
31 oktyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana Günü” ilə əlaqədar Amerika yazıçısı Con Steynbekin “Qəzəb salxımları” adlı əsərinin müzakirəsi keçirilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Con Steynbek XX əsr Amerika ədəbiyyatının sevilən yazıçılarındandır. O, “Həyəcanlarımızın qışı” və “Qəzəb salxımları” romanlarına görə Nobel mükafatına layiq görülüb. Yazıçının əsərlərində siyasət, kəndli-fermer münasibətləri, sosial problemlər öz bədii təsvirini tapıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Con Steynbekin həyat və yaradıcılığı” və baş kitabxanaçı İsmayıl Quliyev “Romanda sadə insanların həyat mübarizəsi” adlı mövzularla çıxış edərək bildiriblər ki, Con Steynbek sosial-psixoloji romanlar ustası kimi tanınıb. On altı roman, altı povest və bir sıra hekayələr toplusu daxil olmaqla iyirmi beş kitabın müəllifi olub. Yazıçının on yeddi əsəri əsasında Hollivudda filmlər çəkilib. Müəllifin əsərlərində məzlum, imkansız və adi insanların taleyi təhlil edilir. Yazıçıya “Qızıl piyalə”, “Lacivərd örüş”, “Siçanlar və insanlar haqqında”, “Tükənməz vadi”, “Azmış avtobus” adlı povest və romanları şöhrət qazandırıb. C.Steynbekin yaradıcılığının birinci mərhələsini təşkil edən “Qəzəb salxımları” romanında xalqın taleyi kimi problemlər gündəmə gətirilib. Romanda yazıçı iş tapmaq ümidiylə bir yerdən başqa yerə köçən, aclıq, səfalət və işsizlikdən əziyyət çəkən insanların iztirablı taleyini, faciəsini qələmə alıb. Əsərdə hadisələr Tom Coud və onun ailəsi ətrafında baş verir. İqtisadi böhran ailənin torpaqlarını itirməsinə səbəb olur. Çıxılmaz vəziyyətdə olan Coudlar ailəsi Kaliforniyaya üz tutur. Amma getdikləri yerdə belə dözülməz hadisələrlə qarşılaşırlar. Əsərdə azadlıq, mübarizlik, insan hüquqları, ailə məfhumu kimi bir çox məsələyə toxunulub.
Sonra roman ətrafında müzakirə aparılıb, fikirlər dinlənilib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 26 nəfər iştirak edib.
|
|