|
“Həmid ağa Şahtaxtinski, Cümhuriyyət qurucularından biri” adlı kitabın təqdimatı
|
|
5.11.2025
|
|
05 noyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Əməkdar dövlət qulluqçusu Sarvan İbrahimovun “Həmid ağa Şahtaxtinski, Cümhuriyyət qurucularından biri” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Həmid ağa Şahtaxtinski görkəmli şəxsiyyətlərdəndir. O bütün ömrü boyu Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparıb. Bu mövzuda çox kitablar yazılıb. Amma bu gün təqdimatını keçirdiyimiz kitab digər kitablardan fərqlənir. Çünki müəllif burada real faktlara, arxiv materiallarına istinad edib.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının tarix elmləri doktoru, professor Sevinc Abbasova “Şahtaxtinskilər nəslinin dövlətçilik tarixində rolu”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli “Həmid ağa Şahtaxtinskinin əqidə və məslək dostları”, Fəxri mədəniyyət işçisi Südabə Süleymanova “Həmid ağa Şahtaxtinski nəşrlərdə və mətbuat səhifələrində”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Ömrü sürgündə bitən millət cəfakeşi”, Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “İstiqlal Bəyannaməsinin müəlliflərindən biri – Həmid ağa Şahtaxtinski” və jurnalist Tünzalə Hüseynova “Kitabda olan sənədlərin tərcüməsi haqqında” mövzularla çıxış edərək bildiriblər ki, Həmid ağa Şahtaxtinski Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, İstiqlaliyyət Bəyənnaməsini imzalayan şəxslərdən biri olub. O, Azərbaycanda təhsilin, maarifin inkişafında misilsiz xidmətlər göstərib. Kitabda Həmid ağa Şahtaxtinskinin müasirləri, istiqlalçı dostları, ailəsi ilə birlikdə olan maraqlı tarixi fotoşəkillər, qəzet və arxiv materialları, nəşrlərdən nümunələr daxil edilib.
Sonra müəllif apardığı araşdırmalardan, tədqiqatlardan söhbət açıb və tədbirin təşkili üçün kitabxana rəhbərliyinə öz minnətdarlığını bildirib.
Sonda müəllif kitabını tədbir iştirakçılarına hədiyyə edib.
Təqdimatda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, İ.Qasımov adına Naxçıvan şəhər MKS-nın, muzeylərin, Naxçıvan Hərbi Kollecinin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin müəllimləri olmaqla 40 nəfər iştirak edib.
|
|