|
Vahid Əziz - 80
|
|
21.11.2025
|
|
21 noyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq şairi Vahid Əzizin anadan olmasının 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, müasir ədəbiyyatımızda öz yaradıcılığı ilə seçilən şairlərdən biri də Vahid Əzizdir. Şair yaradıcılığında həyat həqiqətlərini, insan münasibətlərini, ətrafında baş verən prosesləri qələmə alıb. Onun “Mən küləyi görürəm”, “Aylı pəncərə”, “İllərin baharı”, “Əllərimin kölgəsi”, "Dözmək olmur", 4 cilddən ibarət “Şeirlər, poemalar, tərcümələr, publisistika” adlı kitabları oxucular tərəfindən sevilərək oxunur. V. Əzizin lirikası, qoşmaları, qəzəlləri, sərbəst şeirləri sevgi və məhəbbət mövzusuna həsr edilib.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron zal müdiri Heyran Talıbova “Vahid Əzizin həyat və yaradıcılığı” və kitabxanaçı İsmayıl Quliyev “Vahid Əzizin poetik dünyası” adlı mövzularla çıxış edərək bildiriblər ki, V. Əziz 1945-ci ildə anadan olub. İlk təhsilini Tərtər şəhər 1 saylı orta məktəbində alıb. V.Əziz “Xəbər” Mətbuat Agentliyi, Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı, Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini, Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi vəzifələrində çalışıb. Şair bədii yaradıcılığa 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan ilk şeiri ilə başlayıb. V.Əzizin 1997-ci ildə “Dözmək olmur” adlı şeirlər kitabı və son illərdə isə 200-dən çox publisistik məqaləsi dövri mətbuatda çap olunub. Şairin 40-dan çox şeirinə bəstələnmiş mahnılar musiqiçilər tərəfindən ifa olunur. Onun şeirlərində Azərbaycan dilinin bütün gözəllikləri özünəməxsus şəkildə öz əksini tapıb. V. Əziz poeziyası əlli ildir ki, yeni yaranan nəsillərin ədəbi zövqünün formalaşmasında, insanlara düzlük, xeyirxahlıq, səmimilik, ədalət və məhəbbət hisslərinin aşılanmasında mühüm rol oynayır.
Sonda elektron lövhədə şairin şeirlərindən ibarət videoçarxa baxış keçirilib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 27 nəfər iştirak edib.
|
|