|
Əziz Nesin - 110
|
|
9.12.2025
|
|
09 dekabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında türk yazıçısı, publisist və dramaturq Əziz Nesinin anadan olmasının 110 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Əziz Nesin bütün yaradıcılığı boyu cəmiyyətin saflaşması uğrunda mübarizə aparıb, satirik hekayələr və yumoristik novellalar ustası kimi dünyada oxucuların rəğbətini qazanıb. Böyük nüfuz qazanmış yazıçının əsərləri beynəlxalq müsabiqələrdə dəfələrlə mükafatlara layiq görülüb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Əziz Nesinin həyat və yaradıcılığı” və kitabxanaçı Rəqsanə Rzayeva “Əziz Nesin satirası” adlı mövzularla çıxış edərək bildiriblər ki, Ə.Nesin 1915-ci ildə İstanbulda anadan olub. Ədəbiyyata şeirlə başlayan ədib “Yenigün” jurnalında Vedia Nesin adı ilə şeirlərini dərc etdirib. “Qaragöz” və “Yeddi gün” qəzetlərində korrektor, “Tan” qəzetində köşə yazarı işləyib. Qələmə aldığı hekayələrdə Türkiyə həyatının ictimai ziddiyyətlərini, istismarçı həyat tərzini və cəhaləti tənqid edib. Yazıçının müsbət qəhrəmanları kiçik məmur, sənətkar və işsiz yoxsullar olub. Ə.Nesin “Geri qalan”, “Damda dəli var”, “Vətən sağ olsun”, “Bizdən adam olmaz”, “Qadın olan kişi”, “Qol kralı”, “Toros canavarı” və s. bir çox roman və satirik hekayələrin müəllifidir. O, 1972-ci ildə kitablarından gələn gəlirləri kimsəsiz uşaqlara bağışlamaq məqsədilə “Əziz Nesin vəqfi” təşkil edib. Ədib həqiqətləri yazdığına görə təqib olunub, dəfələrlə mühakimə edilsə də öz əqidəsinə sadiq qalıb. Ə.Nesin əsərlərinin ictimai məzmunu, maraqlı kompozisiyası, yığcam süjeti bu gündə oxucular tərəfindən sevilir.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 31 nəfər iştirak edib.
|
|