|
"Mütaliə Günü"
|
|
12.12.2025
|
|
12 dekabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Mütaliə Günü” ilə əlaqədar “Mütaliənin təfəkkürə faydası" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq bildirib ki, mütaliə həm ayrı-ayrı fərdlərin, həm də bütövlükdə cəmiyyət həyatının bütün sahələrinə təsir edir. Cəmiyyətin bütün inkişaf istiqamətləri insan təfəkkürünün formalaşdırılması ilə təkmilləşdirilir. Mütaliə insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İnsan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini zənginləşdirir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Məsmə Cəfərova "Mütaliə insanı kamilləşdirir" və baş kitabxanaçı İsmayıl Quliyev "Gənclərdə təfəkkür və nitq mədəniyyətinin inkişafında mütaliənin rolu" adlı mövzularla çıxış edərək bildiriblər ki, kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür. Mütaliə etmək insanın fiziki, ruhi sağlamlığı üçün olduqca faydalıdır, insan beynin fəaliyyətini artırır. Mütaliə edərkən insan yalnız informasiya qəbul etmir, həmin informasiyanı emal edir, düşünür, təhlil edir və nəticə çıxarır. Biz kitab oxuyarkən əsərin ideyasını anlamağa çalışır və mümkün qədər düşünməyə başlayırıq. İnsanın söz ehtiyatının zənginləşməsində, ətrafdakılarla rahat ünsiyyət qurmasında, nitq qabiliyyətinin inkişafında, özünəinamın artmasında, stresdən uzaq olmasında, hafizənin güclənməsində, fikrin cəmləşdirilməsində mütaliənin rolu son dərəcə böyükdür. Kitabların mənəvi inkişafda rolundan danışarkən böyük rus yazıçısı Maksim Qorkinin fikirləri yada düşür: “İki qüvvə mədəni insan tərbiyyəsində daha çox fayda verə bilər incəsənət və elm. Bunların hər ikisini özündə birləşdirən isə kitabdır. İncəsənət daha çox ruha, elm daha çox ağıla aiddir, buna görə də kitab həm ağılı, həm ruhu qidalandırır".
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının oxuduqları kitablar haqqında fikirləri dinlənilib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 30 nəfər iştirak edib.
|
|