|
Cek London - 150
|
|
8.1.2026
|
|
08 yanvar 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Amerika yazıçısı Cek Londonun anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Cek London ən böyük realist yazıçılardandır. Onun əsərləri insanı həyat eşqinə, mübarizə əzminə, qələbəyə ruhlandırır. O, həyatda üzləşdiyi çətinlikləri və bədbəxtlikləri öz əsərlərində əks etdirib. Cek Londonun əsərləri əsasında çoxlu sayda filmlər çəkilib.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Əzizə Süleymanzadə “Cek Londonun həyat və yaradıcılığı”, biblioqraf Nəzmiyyə Həsənova “Yazıçının əsərlərində humanizm” adlı mövzularla çıxış edərək bildiriblər ki, Cek London 1876-cı ildə San-Fransisko şəhərində anadan olub. O, məktəb illərindən ağır zəhmətə qatlaşaraq qəzetlər satıb, on dörd yaşında isə konserv fabrikinə işə düzəlib. Cek Londonun ağır ailə qayğıları onun təhsilini başa vurmağa imkan verməyib, amma ədəbiyyata marağı onun həyatının əsas amalına çevrilib. Onun yaradıcılığının erkən dövrlərində qələmə aldığı “Şimal Odisseyası”, “Cənub dənizlərinin nağılları” əsərlərində təbiətə sevgi öz əksini tapıb. Yazıçının “Yaponiya sahillərində tayfun” adlı ilk oçerki 1893-cü ildə San-Fransisko qəzetlərindən birində nəşr olunub. Onun qələmə aldığı "Canavar oğlu", "Atalarının tanrısı", "Şaxtanın övladları”, "İnsana inam", "Ayüzlü", "İtirilmiş sima" adlı hekayələri, "Qarlar qızı", "Dəniz canavarı", “Martin İden”, “Həyat eşqi” adlı romanları yazıçıya böyük şöhrət qazandırıb. Cek Londonun bütün qəhrəmanları maneələrə baxmayaraq, həyatın çətinlikləri ilə mübarizə aparan insanlardır.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 29 nəfər iştirak edib.
|
|