|
"Bəşəriyyətin ən böyük kəşfi kitabdır"
|
|
9.1.2026
|
|
09 yanvar 2026-cı il Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində “Mütaliə Günü” ilə bağlı “Bəşəriyyətin ən böyük kəşfi kitabdır” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biri olan kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rol oynayır. Yaşadığımız dünyanı kitabsız təsəvvür etmək qeyri-mümkündür. Kitablar bizə dünyanı öyrədir, məlumat verir, əldə etdiyimiz bilikləri qoruyub gələcək nəsillərə ötürür, hətta müasir texnologiya inkişaf etsə də, kitab öz dəyərini qoruyub saxlayır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Kitab çapının qədim və zəngin tarixi var”, kitabxanaçı Vüsalə Mirzəyeva “Ruhumuzun qidasıdır kitablar” adlı mövzularla çıxış edərək bildiriblər ki, əlifba və yazının meydana gəlməsi kitab çapının yaranmasında mühüm rol oynayıb. İlk meydana gələn kitablar daş, gil lövhələr, metal və ağac üzərində həkk olunaraq saxlanılıb. Çində e.ə I-II əsrlərdə kağızın meydana gəlməsi kitab tarixində inqilab yaradıb. Ənənəvi kitab çapı 1440-cı ildə alman ixtiraçısı İohann Qutenberq tərəfindən kəşf olunub. Kitab insan həyatında əvəzsiz rola malikdir. Ölkəmizdə kitab mədəniyyətinin kökləri qədimlərə gedib çıxır. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, elmi-fəlsəfi fikirlərin bir yerdə toplanması məhz kitablar sayəsində baş verir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev daim kitaba böyük dəyər verib, ölkədə mədəni tərəqqinin inkişafını kitablarda görüb. Bunu unutmayaq ki, kitaba hörmət ruhunda böyüyən gənclik cəmiyyətimizin sağlam təməli deməkdir.
Sonra mövzu ətrafında müzakirə aparılıb, verilən suallar cavablandırılıb.
Sonda Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanova tədbirin təşkili üçün kitabxananın rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürünü bildirib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin əməkdaşları olmaqla 14 nəfər iştirak edib.
|
|