|
"Yarımçıq qalmış arzular"
|
|
14.1.2026
|
|
14 yanvar 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Gülşən Adimin “Yarımçıq qalmış arzular” adlı kitabının təqdimatı keçirilib.
Tədqimat başlamazdan öncə torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Gülşən xanımın müəllifi olduğu bu kitab həyat yoldaşı, ən çox “Səma mələyi” kitabının müəllifi kimi tanınan Adim Adıgözəldən bəhs edir. Adim Adıgözəl sözə dəyər verən, duyğularını sətirlərə köçürməyi bacaran bir ruha sahib idi. Kitabdakı yazıları oxuduqca Adim müəllimin yurda, Vətənə bağlılığını açıq-aydın görürük.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair, dramaturq Asim Yadigar “Elmə və təhsilə həsr olunmuş şərəfli ömür yolu”, Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şair, pedaqoq Qanun Ümman “Sədaqətin və dostluğun adı – Adim” və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Qeydiyyat bölməsinin müdiri Elnurə Əsgərova “Yarımçıq qalmış şair ömrü” adlı mövzularla çıxış edərək bildiriblər ki, Adim Adıgözəl Kəlbəcər rayonunun Susuzluq kəndində doğulub. Məktəb illərində o, çalışqanlığı və nümunəvi davranışı ilə seçilib. Onun taleyi də, müəllimlik fəaliyyəti də Ordubad rayonu ilə bağlı olub. Ömrünün sonuna kimi Ələhli kənd məktəbində direktor işləyib. Yaxşı müəllim kimi rayon ictimaiyyətinin nüfuzunu qazanıb, həmçinin yaradıcılıqla da məşğul olub. Amansız ölüm onun bütün arzularını yarımçıq qoyub. Ömür-gün yoldaşı Gülşən xanım bu gün Adim Adıgözəlin yarımıq qalmış arzularını həyata keçirmək üçün çalışır. Oxuculara təqdim olunan kitabda Adim müəllim haqqında doğmalarının, əzizlərinin, tələbə və müəllim yoldaşlarının xatirələri, şairin yarımçıq qalmış ömrünün qəmli notları toplanıb. Adim müəllim dünyadan nakam köçsə də, o hər zaman xatirələrdə, yaddaşlarda, yazılarda yaşayacaq.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Əhmədova Gülxarə, Gülşad Rüstəmova, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid Elcan Balabəylinin qardaşı Elçin Balabəyli, AMEA Naxçıvan Bölməsinin Ədəbiyyat, Dil və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru, professor Sevinc Abbasova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Heyran xanım adına “Zərif Qadınlar Ədəbi Məclisinin” təsisçisi, şair, publisist Təranə Arifqızı və Adim Adıgözəlin müəllimləri, tələbə yoldaşları, dostları, yaxınları onun mənəvi keyfiyyətlərindən danışıb, kitab haqqında fikirlərini bildirib, ona həsr etdikləri şeirləri səsləndiriblər.
Sonda kitabın müəllifi Gülşən Adim Adim Adıgözəllə bağlı xatirələrini bölüşüb, tədbirin təşkili üçün kitabxana rəhbərliyinə və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinə öz təşəkkürünü bildirib.
Təqdimatda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, İ.Qasımov adına Naxçıvan Şəhər MKS-nın, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının əməkdaşları, müəllifin yaxınları, dostları, müəllim yoldaşları və ailə üzvləri olmaqla 50 nəfər iştirak edib.
|
|