|
"Mədinə Gülgün - 100"
|
|
14.1.2026
|
|
14 yanvar 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şairə Mədinə Gülgünün anadan olmasının 100 illik yubileyi münasibətilə “Mədinə Gülgün poeziyası” mövzusunda ədəbi-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Mədinə Gülgün könülləri oxşayan lirik şeirlərin müəllifidir. Şairənin yaradıcılığında Cənub həsrəti, məhəbbət, vətənpərvərlik, zəriflik kimi duyğular öz əksini tapıb. Qəlbi o taylı-bu taylı vətən həsrəti ilə döyünən Mədinə Gülgün ömrünü xalqa şərəflə, vicdanla xidmətdə keçirib.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Mübariz şairə - Mədinə Gülgün” və Elektron zal müdiri Heyran Talıbova “Mədinə Gülgün şeirlərinin əsas qayəsi vətəndir” adlı mövzularla çıxış edərək bildiriblər ki, Mədinə Gülgün 1926-ci il yanvarın 17-də dünyaya gəlib. 1938-ci ildə ailəsi ilə birlikdə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə, daha sonra Təbriz şəhərinə köçüb. Təbriz Dram Teatrında çalışıb, “Azərbaycan” qəzeti redaksiyasında müxbir işləyib. O, 1945-ci ildə şeirlərini “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Şairənin yaradıcılığı Azərbaycan xalqının azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma vətənə məhəbbətlə yoğrulub, oxucularını azadlıq uğrunda mübarizəyə ruhlandırıb. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunub. “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. “Sən gəlməz oldun”, “Məhəbbət olmayanda” və s. şeirlərinə mahnılar bəstələnib. Vətən həsrətli şairənin fəaliyyəti yüksək qiymətləndirilərək bir sıra medallara və “Şərəf nişanı” ordeninə layiq görülüb.
Sonra kitabxana əməkdaşları şairənin şeirlərini qiraət ediblər.
Sonda “Mədinə Gülgün – 100” adlı sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 23 nəfər iştirak edib.
|
|