|
"İsmayıl Hacıyev - 75"
|
|
21.1.2026
|
|
21 yanvar 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin anadan olmasının 75 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Sərgidə akademikin tədqiqat materialları və elmi nəşrlərindən ibarət 15 nüsxə çap məhsulu nümayiş edilir.
İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə” adlı monoqrafiyasında Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salınıb, dahi rəhbərin dövlətçilik təlimi və onun tərkib hissəsi önə çəkilib, Naxçıvanla bağlı fikir və mülahizələri öz əksini tapıb. “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı monoqrafiyada Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki inkişaf yolu tədqiq edilib, XX əsrin 80-ci illərinin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, erməni təcavüzü, Naxçıvanın blokadadan çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, müstəqilliyin möhkəmləndirilməsi sahəsində əldə olunan uğurlar arxiv sənədləri və dövrü mətbuat materialları əsasında araşdırılıb. “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” adlı monoqrafiyada XX əsrin əvvəllərində Naxçıvan diyarının ictimai-siyasi və hərbi vəziyyəti, Naxçıvanda baş verən hadisələr, ermənilərin Naxçıvan iddiaları və soyqırım törətmələri xronoloji ardıcıllıqla işlənib. “Moskva və Qars beynəlxalq müqavilələri” adlı kitabda Moskva və Qars müqaviləsində müzakirə olunan məsələlər hərtərəfli tədqiq edilib. “Araz-Türk Cümhuriyyəti” kitabında Araz-Türk Cümhuriyyətinin yaradılması zərurəti, mərkəzi rəhbərləri, bölgənin erməni daşnaklarının basqınlarından qourunması bir sıra tarixi faktlar əsasında araşdırılıb. “Naxçıvan və Naxçıvanlılar” adlı kitabda Azərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan diyarının tarixindən, görkəmli dövlət xadimlərindən, məşhur soylardan, elm və sənət adamlarından, müharibə və əmək qəhrəmanlarından, xeyriyyəçilərdən söhbət açılıb.
Sərgidə, həmçinin İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarix və müasirlik”, “Naxçıvan tarixi mənbələr işığında”, “Naxçıvan tarixinə dair qaynaqlar”, “Culfa rayonunun tarixi”, “Naxçıvanın dövlətçilik tarixi”, “Behbud ağa Şahtaxtinski” və s. kitabları nümayiş edilir. Sərgi 30 yanvar 2026-cı il tarixədək nümayiş ediləcək.
|
|