|
Xaqani Şirvani - 900
|
|
30.1.2026
|
|
30 yanvar 2026-cı il tarixdə Məmməd Səid Ordubadia adına Naxçıvan Muxtar Respublika Kitabxanasında klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Sərgdə dahi şairin həyat və yaradıcılığından, onun haqqında aparılmış tədqiqat materiallarından və dövri mətbuat nümunələrindən ibarət 21 nüsxə çap məhsulu nümayiş edilir.
X.Şirvaninin “Seçilmiş əsərləri” adlı kitabına şairin ədəbi irsinin böyük bir hissəsini təşkil edən “Töhfətül-İraqeyn” poeması, lirik qəzəlləri, fəxriyyə, mədhiyyə və fəlsəfi qəsidələri, qitə və rübailəri toplanıb. “Seçilmiş əsərləri” kitabında şairin 4500 beytdən ibarət “Divan”ına daxil edilmiş şeirlər məzmununa görə qruplaşdırılıb, tədqiqatçılar tərəfindən şərhlər və izahlar verilib. E.Zeynalovanın “Xaqani Şirvaninin ərəbcə əsərlərinin izi ilə” adlı monoqrafiyasında şairin ərəb dilində yazdığı əsərləri ilə yanaşı, farca yazdıqlarına da müraciət edilib, müxtəlif kitabxanaların əlyazma fondlarında olan əsərləri araşdırılıb, şeirlərinin elmi-tənqidi mətni təhlil edilib. A.Yadigarın "Xaqani" adlı poemasında ustad sənətkarın taleyi, şəxsiyyəti, ömür yolu, poeziya dili barədə məlumat verilib. “Azərbaycan klassik ədəbiyyatından seçmələr” adlı kitabda XII əsrdə X. Şirvaninin “Töhfətül-İraqeyn”, “Həbsiyyə”, “Zəmanədən və zəmanə əhlindən şikayət”, “Mədain xərabələri” və s. əsərləri yer alıb. N.Kərimovun “Odlar yurdunun səyyah və coğrafiyaşünasları” adlı kitabında Böyük Azərbaycan səyahətçiləri sırasında X.Şirvaninin elmi və ədəbi irsi araşdırılıb, əsərlərində səyahət etdiyi ölkələrdən apardığı qeydlər öz əksini tapıb. H.Arslanın “Xaqani Şirvani” adlı kitabında müəllif saray şeirinin gözəl nümunələrini yaradan şairin qəsidələrini və dövrün sosial-siyasi qüsurlarını tənqid edən əsərlərini təhlil edib, şairin şəxsiyyəti və yaradıcılığı haqqında ətraflı bəhs edilib. Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” adlı jurnalının 2017-ci il tarixli 1-ci nömrəsində dərc olunmuş pedaqogika elmləri doktoru, professor Kamal Camalovun “Xaqani Şirvani yaradıcılığında əxlaq məsələləri” adlı məqaləsində görkəmli şairin əxlaq tərbiyəsi məsələlərindən bəhs edilib, mənəvi-tərbiyə irsi araşdırılıb, əsərlərində ön plana çəkdiyi haqq, ədalət, humanizm meyllərinə nəzər salınıb.
Sərgidə, həmçinin X.Şirvani “Seçilmiş əsərləri”, M.S.Sultanovun “Xaqani Şirvani”, “Töhfətül-İraqeyn”, “Xaqani”, “Rübailər aləmində” və s. çap məhsulları nümayiş edilir.
Sərgi il ərzində nümayiş ediləcək.
|
|