|
"Əcəmi Naxçıvani - 900"
|
|
30.1.2026
|
|
30 yanvar 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan memarlıq məktəbində öz dəst-xətti ilə seçilən, dünya memarlıq xəzinəsinə öz töhfəsini vermiş Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Sərgidə dahi memarın yaratmış olduğu füsunkar memarlıq abidələrindən, onun haqqında aparılan tədqiqat əsərlərindən və dövrü mətbuatda haqqında dərc edilən məqalələrdən bəhs edən 21 nüsxə çap məhsulu nümayiş edilir.
F.Q.Məmmədovun “Orta əsrlər Azərbaycan memarlıq məktəblərinin əlaqələri” adlı kitabında qonşu xalqların, hətta uzaqda olan ölkələrin memarlıq tikililərinin formalaşmasında xidmətləri olan memarlarla yanaşı Əcəmi Naxçıvaninin müəllifi olduğu səkkizguşəli Yusif ibn Kuseyr məqbərəsi və Möminə Xatun türbəsinin sxem-quruluşuna nəzər salınıb, türk memarlıq abidələri fonunda tədqiq edilib. Ə.Salamzadənin “Əcəmi Əbubəkr oğlu və Naxçıvan memarlıq abidələri” adlı kitabında Naxçıvan memarlıq məktəbinin banisi olmuş və özündən sonrakı memarlığın inkişafına təsir göstərmiş Əcəmi Naxçıvaninin memarı və qurucusu olduğu Yusif ibn Kuseyr oğlu, Möminə Xatun, Qarabağlar, Gülüstan türbələrinin, Ordubad Cümə Məscidinin və digər tarixi, mədəniyyət ocaqlarında Əcəminin istifadə etdiyi ornamentlərə, naxışlara, fiqurlara nəzər salınıb, abidələrin quruluşunda onun izləri araşdırılıb. C. Qiyasın “Yaxın-uzaq ellərdə” kitabında Azərbaycan memarlıq sahəsində Yaxın və Orta Şərq ölkələri ilə qarşılıqlı əlaqələr nəzəri və tarixi sənətşünaslıq baxımından diqqətə çatdırılıb, Azərbaycan memarlığının regionda təsir göstərməsi ayrıca və geniş təhlil edilib. İki dildə tərtib edilmiş V. Baxşəliyev və F. Quliyevanın “Naxçıvanın tarixi abidələri” adlı dərs vəsaitində Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarixi və mədəniyyət abidələri, eləcə də Əcəmi Naxçıvaninin abidələr üzərinə həkk etdiyi naxışlar, haşiyələr, onların mənası haqqında məlumat verilib.
Sərgidə həmçinin Q.Əliyevin “Memar Əcəmi Naxçıvani yaradıcılığıda ahəngdarlıq”, “Möminə Xatun türbəsi”, “Yusif Kuseyrin oğlu”, “Naxçıvan memarlıq məktəbi”, H. İbrahimovun “Əsrin onda biri”, A. Qədimin “Əcəmi dastanı” və s. dahi memarın taleyindən, fəaliyyətindən bəhs edən kitablar nümayiş edilir.
Sərgi il ərzində nümayiş ediləcək.
|
|