|
Nizami Gəncəvi - 885
|
|
30.1.2026
|
|
30 yanvar 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana Günü” ilə əlaqədar şair Nizami Gəncəvinin anadan olmasının 885 illik yubileyi münasibətilə kitabxananın fondunda olan və ona həsr edilən kitabların biblioqrafik icmalı keçirilib.
İcmalı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların kamilləşməsinə misilsiz xidmət göstərir. Dahi sənətkar dünya poeziyasına öz töhfəsini verən ədəbi məktəbini yaradıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Nuriyyə Mədətova “Nizami Gəncəvi – Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyət” adlı mövzu ilə çıxış edərək bildirib ki, Gəncədə dünyaya göz açan Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşayıb ərəb və fars dillərini mükəmməl öyrənib. N. Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. O lirik şeirlərin, “Xəmsə” adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami ümumbəşəri mahiyyət daşıyan yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirib. Mütəfəkkir şairin məşhur "Xəmsə"si dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutub. Onun ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizə işıq salan sönməz məşəldir. Əsərlərindən məlum olur ki, şair böyük divan yazıb, qəzəl və qəsidələr müəllifi kimi şöhrət qazanıb.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova müəllifin kitabxananın fondunda olan və ona həsr edilən kitablar haqqında məlumat verib.
İcmalda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 31 nəfər iştirak edib.
|
|