|
Nəriman Həsənzadə - 95
|
|
18.2.2026
|
|
18 fevral 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 95 illik yubileyi münasibətilə “Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi – Nəriman Həsənzadə” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, bu gün hamımızın sevimlisi, çox dəyərli şairimiz Nəriman Həsənzadənin doğum günüdür. Nəriman Həsənzadə bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə gecəsini gündüzünə qataraq yorulmadan yazıb yaradan qələm adamlarındandır. Şairin zəngin yaradıcılığını səciyyələndirən əsas cəhət əsərlərindəki insanpərvərlik, gözəllik, Vətənə və dünyaya məhəbbət duyğularıdır. Xalq şairi bugün də Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrini yaratmaqda davam edir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair, publisist Asim Yadigar “Nəriman Həsənzadənin həyatı və yaradıcılıq yolu”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmlər doktoru, dosent Ramiz Qasımov “Şairin yaradıcılığında mövzu rəngarəngliyi”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Xalqın sevimli şairi” adlı mövzularla çıxış edərək bildiriblər ki, Nəriman Həsənzadə ədəbiyyata çox gənc yaşlarında lirik şair kimi gəlib. Onun yaradıcılığının əsasını məhəbbət mövzulu, təbiət gözəlliklərini, xalqımızın azadlığını, müstəqilliyini əks etdirən əsərlər təşkil edir. Əsərlərində həyatda, cəmiyyətdə baş verən hadisələrə münasibətini bildirib. Dramaturgiyaya keçən əsrin 80-ci illərində “Nəriman” poeması əsasında hazırlanmış “Bütün Şərq bilsin” dram-tamaşası ilə gəlib. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mənim ədəbi taleyim” əsəri şairin yaradıcılığında xüsusi yer tutur. Əsərləri bir çox xarici dillərə tərcümə edilib, respublika və xarici mətbuat səhifələrində məqalələri dərc olunub, şeirlərinə musiqi bəstələnib. Şairin yaradıcılığı yüksək qiymətləndirilərək "Şərəf”, “Şöhrət” və “İstiqlal” ordenləri, bir sıra fəxri fərmanlarla təltif olunub.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərindən Məftunə Nur və Zeyqəm Vüqar Nəriman Həsənzadənin şeirlərini bədii-qiraət ediblər.
Sonda “Nəriman Həsənzadə - 95” adlı sərgiyə baxış keçirilib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının, İ.Qasımov adına Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin üzvləri olmaqla 31 nəfər iştirak edib.
|
|