|
Əli Vəliyev - 125
|
|
27.2.2026
|
|
27 fevral 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana Günü” ilə əlaqədar yazıçı Əli Vəliyevin anadan olmasının 125 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Əli Vəliyev sevilən yazıçılarından olub. Yazıçı bütün əsərlərində doğma yurdu olan Zəngəzurun təbiətini, insanlarının xarakterini və adət-ənənələrini tərənnüm edib. O, xalqın canlı danışıq dilindən, atalar sözlərindən, məsəllərdən və folklordan istifadə edib. Əsərləri həm bədii dəyərinə, həm də tarixi əhəmiyyətinə görə oxucularının ürəyinə yol tapıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Oxu zalının müdiri Vəsilə Cəfərova “Silsilə romanlar müəllifi – Əli Vəliyev” və böyük kitabxanaçı Gülan Rzayeva “Ədibin yaradıcılıq yolu” adlı mövzularla çıxış edərək bildiriblər ki, Əli Vəliyev əmək fəaliyyətinə "Şərq qapısı" qəzetində redaktor vəzifəsi ilə başlayıb. Sonrakı illərdə Yazıçılar İttifaqının katibi, “Kommunist” qəzetinin və "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində çalışıb. Ədibin yaradıcılığı əsasən roman və povestlərdən ibarət olub. 1920–1930-cu illərdən başlayaraq dövri mətbuatda oçerk və hekayələrlə çıxış edib. Onun “Allahın səyahəti”, “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban”, “Sübut” kimi kitabları geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Böyük Vətən müharibəsi illərində cəbhəyə könüllü yollanan yazıçı əsgərlərimizin qəhrəmanlığından bəhs edən “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” adlı kitablarını çap etdirib. 1950–1970-ci illərdə “Madarın dastanı”, “Ürək dostları”, “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Zamanın ulduzları”, “Samovar tüstülənir”, “Gəncliyimi tapdım”, “Durna qatarı” adlı hekayə və oçerkləri işıq üzü görüb. Əli Vəliyev həm ədəbi yaradıcılığına, həm də ictimai fəaliyyətinə görə ən yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb. 2011-ci ildə rejissor Vasif Məmmədzadə tərəfindən “Əli Vəliyev” adlı sənədli film çəkilib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri və fəal oxucular olmaqla 33 nəfər iştirak edib.
|
|