|
Süleyman Rüstəm - 120
|
|
11.3.2026
|
|
11 mart 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 120 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Sərgidə şairin həyat və yaradıcılığından bəhs edən 22 kitab nümayiş edilir.
S.Rüstəmin 3 cilddən ibarət olan “Seçilmiş əsərləri”ndə Cənub mövzulu şeirləri ilə yanaşı, poemaları, xatirələri, eləcə də dramatik növün müxtəlif janrlarında qələmə aldığı “Çimnaz xanım yuxudadır”, “Qaçaq Nəbi”, “Durna”, “Gəldi-gedər” əsərləri toplanıb. “Vətən təranələri” adlı kitabında “Sözüm sənədir, Vətən!”, “Sevgi yarpaqları”, “Həsrət” adlı vətənə, doğma el-obaya həsr etdiyi silsilə şeirləri toplanıb. “Mahnılar, mahnılar” adlı şeirlər kitabında məhəbbət və gəncliyin saf hissləri tərənnüm edilib. “Günəşli sahillərdə” adlı kitabına xalqın azadlığı, istiqlaliyyəti, sülh uğrunda mübarizəsindən bəhs edən şeirləri, həmçinin Xalq qəhrəmanı Qaçaq Nəbiyə həsr etdiyi mənzum dramı daxil edilib.
Sərgidə, həmçinin Xalq şairinin “Dəmir addımlar”, “Qafurun qəlbi”, “Bahar düşüncələri”, “Bir az da məhəbbətdən...”, “Təbrizim”, 6 cilldən ibarət “Seçilmiş əsərləri” və s. şeir kitabları nümayiş edilir.
Sərgi 18 mart 2026-cı il tarixədək nümayiş ediləcək.
|
|