|
“Mütaliə bacarığımızı necə inkişaf etdirək?”
|
|
13.3.2026
|
|
13 mart 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Mütaliə Günü” ilə əlaqədar “Mütaliə bacarığımızı necə inkişaf etdirək?” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, mütaliə, sadəcə oxumaq deyil, müəllifin dünyasına daxil olmaq, hadisələri yaşamaq və yeni biliklər mənimsəməkdir. İnsan oxuduqca hadisələr arasında səbəb-nəticə əlaqələri qurmağı öyrənir, analitik düşünmə qabiliyyəti itiləşir. Yunan filosofu Sokrat mütaliənin cəmiyyətin həyatındakı əhəmiyyəti barədə belə deyib: "Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar".
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Oxuculara xidmət şöbəsinin müdiri Aysel Musayeva “Mütaliə etmənin həyatımıza təsiri” və Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Mütaliə fərdin həyat tərzinə çevrilməlidir” adlı mövzularla çıxış edərək bildiriblər ki, müasir dövrün sürətli informasiya axınında diqqəti cəmləmək çətinləşsə də, düzgün üsulla mütaliə bacarığımızı xeyli təkmilləşdirə bilərik. Kitab oxumaq insanın təfəkkürünü genişləndirir, mənəviyyatını zənginləşdirir və həyat yoluna işıq salır. Mütaliənin insan həyatına təsiri çoxşaxəlidir, gündəlik mütaliə isə vərdişi formalaşdırır. Hazırda həyatımıza elektron kitablarla yanaşı, elektron mütaliə də daxil olub. Oxumaq düşüncə tərzimizi genişləndirir, qərar verməyimizə kömək edir, axtardığımız suallara cavab tapmağa imkan verir. Mütaliənin həyat tərzinə çevrilməsi, insanın özünü daimi olaraq yeniləməsi və təkmilləşdirməsi deməkdir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, muzeyin direktoru Aləmzər İbrahimova tədbirin təşkili üçün kitabxana rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda iştirakçılar muzeyin eksponatları ilə tanış olublar.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin əməkdaşları olmaqla 10 nəfər iştirak edib.
|
|