|
"Dünyada nə qədər kitab var belə..."
|
|
16.3.2026
|
|
16 mart 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti Muxtar Məmmədovun “Dünyada nə qədər kitab var belə...” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Muxtar Məmmədov jurnalistika sahəsində öz peşəkarlığı ilə tanınan ziyalılardan biridir. Müəllifin yaradıcılığı əsasən publisistik məqalələr və oçerklərdən ibarətdir. Onun yazılarında əsas mövzunu milli-mənəvi dəyərlər, Azərbaycanın müstəqillik tarixi və Naxçıvanın sosial-mədəni inkişafı təşkil edir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respubllikasının əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Müəllif qələminin müqəddəs vəzifəsi”, Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, şair, ədəbiyyatşünas Xanəli Kərimli “Sözün və həqiqətin keşiyində”, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov “Yaradıcılığında hər söz doğma vətənə bağlılığından xəbər verir”, Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, Prezident mükafatçısı, yazıçı-publisist Hüseyn Əsgərov “Muxtar Məmmədovun jurnalistika dünyası” və “Şərq qapısı” qəzetinin məsul katibi Ruhiyyə Rəsulova “Muxtar Məmmədovun Şərq qapısı qəzetində fəaliyyəti” adlı mövzularla çıxış edərək bildiriblər ki, Muxtar Məmmədov uzun illər Şərq qapısı qəzetində müxtəlif məsul vəzifələrdə çalışıb, 50-ə yaxın kitabın redaktoru olub. O həm də gənc jurnalistlərin yetişməsində böyük rol oynayıb. “Dünyada nə qədər kitab var belə..” müəllifin sayca yeddinci kitabıdır. Muxtar müəllimin bədii fikirləri, daxili dünyası, onun illərin peşəkar jurnalisti kimi hadisələrə dəqiq və həssas yanaşması ilə hiss olunur. Müəllifin məqalə, reportaj, müsahibə və esselərinin əsas qayəsini Vətənə, torpağa məhəbbət hissləri təşkil edir. Jurnalistikada keçən ömrü müəllifin yeni kitabında öz əksini tapıb. Naxçıvan ədəbi mühitinin ən dəyərli tədqiqatçılarından olan Muxtar müəllimin fəaliyyəti daim diqqət mərkəzində olub, “Tərəqqi” medalı və Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Sonra Naxçıvan Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Anar Abuzərli, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, Azərbaycan Respublikasının əməkdar artist Elman Əliyev, müəllifin tələbə yoldaşları – şair Ramiz Babayev və Urfulla Qurbanov yeni çapdan çıxan kitab haqqında fikirlərini bildirib, müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Sonda kitabın müəllifi tədbirin təşkili üçün kitabxana rəhbərliyinə təşəkkürünü bildirib, kitabını iştirakçılara təqdim edib.
Təqdimatda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin üzvləri, Naxçıvan Dövlət Universitetinin, mədəniyyət müəssisələrinin əməkdaşları, müəllifin qələm dostları, tələbə yoldaşları və yaxınları olmaqla 40 nəfər iştirak edib.
|
|