|
Məmməd Səid Ordubadi - 154
|
|
18.3.2026
|
|
18 mart 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin anadan olmasının 154-cü ildönümü münasibətilə kitabxananın fondunda olan və ona həsr edilən kitabların biblioqrafik icmalı keçirilib.
İcmalı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, tanınmış yazıçı, tarixi roman janrının banisi M.S.Ordubadi bütün ömrü və yaradıcılığı boyunca mənsub olduğu xalqın milli ruhunu, mənafeyini həm ürəyində, həm də qələmində daşımış sənətkarlardandır. O, milli kimliyini çox yaxşı dərk edib, bəzən açıq, bəzən də qapalı şəkildə bunu öz əsərlərində əks etdirməkdən çəkinməyib. Məhz buna görə də, o, indi də müasir yazıçı kimi oxunur və sevilir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının biblioqrafı Nəzmiyyə Həsənova “Tarixi roman janrının banisi” adlı mövzu ilə çıxış edərək bildirib ki, M. S. Ordubadi 24 mart 1872-ci ildə Ordubad şəhərində şair Hacıağa Fəqirin ailəsində anadan olub. İlk təhsilini mollaxanada alan Ordubadi bir müddət şair Mirzə Baxışın məktəbində, sonralar isə böyük maarifpərvər M.T.Sidqinin Ordubadda açdığı yeni üsullu "Əxtər" məktəbində oxuyub. Onun istər ədəbi yaradıcılığında, istərsə də maarifçilik fəaliyyətində "Molla Nəsrəddin" jurnalının böyük rolu olub. Ədib "Dumanlı Təbriz" roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyub. 1911-ci ildə erməni-müsəlman qırğınından bəhs edən “Qanlı sənələr” əsərini yazıb. 1914-cü ildə ədibin "Bədbəxt milyonçu, yaxud Rzaquluxan Firəngmǝab" adlı romanı, "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" adlı dramı çap edilib. Onun "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" kimi irihəcmli əsərlərində Azərbaycan xalqının milli mübarizə, milli düşüncə, dövlətçilik məsələləri geniş planda təsvir edilib. Ədib əsərlərində xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, döyüşkən ruhunu, azadlıq mübarizəsini əks etdirməyi qarşısına məqsəd qoyub. Ordubadinin əsərləri müxtəlif dillərə tərcümə olunub, bir sıra küçəyə, mədəni-maarif müəssisəsinə adı verilib, Ordubadda və Bakıda ev-muzeyi yaradılıb.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova müəllifin kitabxananın fondunda olan və ona həsr edilən kitabları haqqında məlumat verib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri olmaqla 30 nəfər iştirak edib.
|
|