|
Beynəlxalq Poeziya Günü
|
|
19.3.2026
|
|
19 mart 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Azərbaycan ədəbiyyatı dünya poeziya xəzinəsinə misilsiz incilər bəxş edib. Bizim ədəbiyyat tarixiiz Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dünya şöhrətli dühaların irsi üzərində qurulub. Bu günün keçirilməsində məqsəd klassiklərimizi xatırlamaq və çağdaş şairlərimizin yaradıcılığına nəzər salmaqdır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Azərbaycan poeziyası qədim və zəngin ənənəyə malikdir”, kitabxanaçı Rəqsanə Rzayeva “Əbədi nəğməmiz – Poeziya” adlı mövzularla çıxış edərək bildiriblər ki, 1997-ci ildə Türkiyənin tanınmış mədəniyyət xadimi, şair Tarik Günersel Beynəlxalq Poeziya Gününün qeyd olunması ilə bağlı təklif irəli sürüb. 1999-cu ildə YUNESKO-nun 30-cu iclasında 21 mart tarixi Beynəlxalq Poeziya Günü elan olunub. Azərbaycanda bu əlamətdar gün 2007-ci ildən qeyd edilməkdədir. “Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə, ədəbiyyatdan gəlir”, – deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına, təbliğinə, dünyada tanıdılmasına, qələm sahiblərinin himayə edilib, əsərlərinin çap edilməsinə, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, fəxri ad və titullarla mükafatlandırılmasına çox həssaslıqla yanaşıb. 1500 illik tarixə malik olan yazılı poeziya nümunələrimiz sübut edir ki, Azərbaycanda poetik düşüncə zamanın min illik sınağından uğurla çıxıb.
Sonra “Beynəlxalq Poeziya Günü” adlı sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri olmaqla 30 nəfər iştirak edib.
|
|