|
"Beynəlxalq Uşaq Kitabı Günü"
|
|
1.4.2026
|
|
01 aprel 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü" adlı sərgi təşkil edilib.
Sərgidə 30 nüsxə kitab nümayiş edilir.
"Uşaqlar və Günəş" adlı almanaxda naxçıvanlı şair və yazıçıların qələmə aldığı şeir, poema, hekayə və pyeslər toplanıb. M.T.Sidqinin "Məktəb hekayətləri" adlı kitabında ədibin uşaq hekayələri, elmi-ədəbi irsindən nümunələr öz əksini tapıb. 3 cilddən ibarət "Azərbaycan uşaq ədəbiyyatı antologiyası"nda XX əsrə qədərki Azərbaycan poeziyasından seçmələr, uşaq poeziyası, təmsil, mənzum hekayə, didaktik nəsihətlərlə yanaşı təbiət mövzulu lirik şeirlər, nağıllar, uşaqların estetik tələbinə və zövqünə uyğun milli ruhlu uşaq ədəbiyyatı nümunələri toplanıb. Y. Səfərovun "Azərbaycan uşaq folkloru" adlı kitabında uşaq folklorunun növ və janrları barədə məlumat verilib. F. Köçərlinin "Balalara hədiyyə" adlı kitabında uşaqların çox sevdiyi "Göyçək Fatmanın nağılı", “Pıspısa xanım və Siçan bǝy" kimi məşhur xalq nağılları, sayaçı sözlər və s. yer alıb. N. İsmayılovanın "Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri" adlı kitabında Naxçıvanda yaşayıb-yaradan şair, yazıçıların yaradıcılığında uşaq ədəbiyyatı nümunələri araşdırılaraq təhlil edilib. "Nağıllar" kitabında XIX əsrin məşhur Danimarka yazıçısı H.K.Andersenin nağılları, "Rus uşaq ədəbiyyatı" kitabında rus ədəbiyyatı nümunələrindən B.S.Jidkovun, V.V. Biankinin, S.Y.Marşakın, K.İ. Çukovskinin, A.L.Bartonun, S.V.Mixalkovun və s. uşaqlar üçün yazdıqları əsərlərdən nümunələr var. Yazıçı-mütəfəkkir Ə. Cəfərzadənin "Anamın nağılları" adlı kitabında müəllifin anasının vaxtilə söylədiyi xalq yaradıcılığına, milli köklərə bağlı nağıl və əfsanələr əks olunub.
Sərgidə həmçinin, İ. Yusifoğlunun "Göy yerə zəng eyləyir”, "Azərbaycan bəstəkarlarının uşaq mahnıları", "Naxçıvan bəstəkarlarının uşaq mahnıları", O. Kaziminin "Uşaq vǝ məktəbli mahnıları", T.Elçinin “Hər şey! hər şey...”, V.Səmavinin “Bir dünya bir nağıldı” və uşaqlar üçün “Geologiya", "Kimya", "İnformatika” adlı ensiklopediyalar nümayiş edilir. Sərgi aprel ayının 10-dək nümayiş ediləcək.
|
|