|
"Kitabxana fondunun düzülüşü və mühafizəsi"
|
|
17.4.2026
|
|
17 aprel 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxanaçı Günü” ilə əlaqədar “Kitabxana fondunun düzülüşü və mühafizəsi” mövzusunda müzakirə keçirilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, kitabxana fondu cəmiyyətin tələbatına, kitabxananın qarşısında duran vəzifələrə müvafiq planlı surətdə komplektləşdirilir və elmi əsaslarla sistemləşdirilir. Kitabxana fondu daim yeni çap məhsulları ilə zənginləşdirilməli, oxucuların təlabatını ödəməlidir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Kitabxana fondunun düzülüşü və mühafizəsi” adlı mövzu ilə çıxış edərək bildirib ki, kitabxana fondu universal, sahəvi, çoxsahəli və ixtisaslaşdırılmış olur. Fondun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir. Kitabxana fondunun düzülüşü çap əsərlərindən istifadəni səmərəli təmin etmək məqsədi ilə fondun təşkilində həyata keçirilən mühüm iş prosesindən biridir. Müasir dövrdə kitabxanalarda düzülüşün iki növündən istifadə edilir ki, bunlar da kitabın məzmununa və formasına əsaslanır. Kitabxana fondu üçün elə düzülüş növü seçilməlidir ki, ondan istifadə əlverişli olsun. Kütləvi kitabxanalar üçün ən əlverişli düzülüş növü sistemli düzülüşdür. Sistemli düzülüş zamanı bütün kitablar sistemləşdirilmiş qaydada şöbələrə, bölmələrə, yarımbölmələrə və rubrikalara ayrılaraq rəflərdə soldan sağa doğru düzülür. Bu düzülüş Kitabxana-Biblioqrafiya Təsnifatına əsasən aparılır. Kitabxana fondunun mühafizəsi kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər informasiya daşıyıcılarının fiziki cəhətdən qorunması, bərpası, uçotu və gələcək nəsillərə çatdırılmasıdır.
Sonra elektron lövhədə mövzu ilə bağlı slayd nümayiş edilib, verilən suallar cavablandırılıb.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 29 nəfər iştirak edib.
|
|