|
Ümumdünya Kitab və Müəllif Hüquqları Günü
|
|
22.4.2026
|
|
22 aprel 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, YUNESKO tərəfindən 1995-ci ildə qəbul olunmuş Ümumdünya Kitab və Müəllif Hüquqları Gününün əsas məqsədi kitab oxumaq vərdişlərini aşılamaq və bəşəriyyətin sosial-mədəni tərəqqisinə əvəzsiz töhfələr vermiş müəlliflərin əməyinə ehtiram göstərməkdir. Bu tarixin seçilməsi rəmzi xarakter daşıyır. 23 aprel dünya ədəbiyyatının parlaq simaları olan Uilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqanın vəfat etdiyi gündür. Azərbaycanda kitab işinə və müəllif hüquqlarına verilən yüksək qiymət bizim zəngin ədəbi irsimizin beynəlxalq səviyyədə təmsil olunmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Kitab bəşəriyyətin beşiyidir”, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya elmləri doktoru, professor Sədaqət Həsənova “Kitablar maddi-mənəvi sərvətimizdir”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu “Kitabın mənəvi inkişafımızdakı rolu” adlı mövzularla çıxış edərək bildiriblər ki, kitab, müəllif və müəlliflik hüququ anlayışları yaranandan bir-biri ilə qırılmaz əlaqədə olub. Azərbaycan klassiklərinin əsərləri zaman-zaman təhriflərə məruz qalsalar da müəlliflik hüquqlarını qoruyan əlyazmaları günümüzə qədər gəlib çatıb. Kitab mənəviyyatımızın formalaşmasında, milli-mədəni dəyərlərimizin gələcək nəsillərə ötürülməsində ən etibarlı vasitədir. Ümumdünya Kitab və Müəllif Hüquqları Günü təkcə kitabın deyil, həm də yaradıcı zəkanın, müəllif əməyinin və intellektual mülkiyyətin qorunması bayramıdır. Bəşəriyyətin bütün biliyi, təcrübəsi kitablarda cəmlənib. Kitabxanalar isə bu mənəvi irsin qoruyucusu kimi xüsusi əhəmiyyətə malikdir. Müasir dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab yenə də öz əhəmiyyətini qoruyub saxlayır.
Sonra Naxçıvan Muxtar Respublikası Yaıçılar Birliyinin üzvlərindən Tofiq Qəbul, Alməmməd Eldaroğlu, Aytəkin Səfərəliyeva və İman Nami mövzu ilə bağlı fikirlərini bildirib, müəllifi olduğu şeirləri qiraət edib.
Sonda “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” adlı sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, İ.Qasımov adına Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının əməkdaşları olmaqla 37 nəfər iştirak edib.
|
|