|
"Kitabxana Günü"
|
|
24.4.2026
|
|
24 aprel 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana Günü” ilə əlaqədar yazıçı Sultan Məcid Qənizadənin anadan olmasının 160 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Sultan Məcid Qənizadə təkcə yazıçı deyil, həm də xalqın savadlanması üçün çalışan müəllim olub. Yazıçı Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixində silinməz izlər qoyub, xalqın taleyini öz taleyi bilib, cəmiyyətin nöqsanlarını dram və hekayələrin dili ilə səhnəyə gətirib. Onun yaradıcılığı xalqın gözünü açmaq missiyasına xidmət edən mənəvi güzgü rolunu oynayıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Ümumi oxu zalının müdiri Vəsilə Cəfərova “Maarif fədaisi – Sultan Məcid Qənizadə”, kitabxanaçı Rəqsanə Rzayeva “Sultan Məcid Qənizadənin çoxcəhətl fəaliyyəti” adlı mövzularla çıxış edərək bildiriblər ki, S. M. Qənizadə ilk təhsilini atasından və S.Ə. Şirvaninin "Məclis" məktəbindən alıb, fars və rus dillərini mükəmməl öyrənib. 1887-ci ildə Tiflis Aleksandrovski Müəllimlər İnstitutunu bitirərək Bakıya qayıdan ədib, burada dostu H.V. Mahmudbəyovla birlikdə ilk "rus-müsəlman" məktəbini açıb. Onun pedaqoji fəaliyyəti təkcə məktəbdarlıqla məhdudlaşmayıb, həmçinin dövrün tələblərinə uyğun dərsliklərin yaradılmasına xidmət edib. Onun 1900-cü ildə nəşr olunan "Kəlidi-ədəbiyyat" dərsliyi nəinki Azərbaycanda, həm də Şərq ölkələrində böyük şöhrət qazanıb. S.M.Qənizadə Bakı quberniyası və Dağıstan vilayətində xalq məktəblərinin müfəttişi və direktoru kimi məsuliyyətli vəzifələri icra edən ilk azərbaycanlı ziyalılardan olub. Ədib Azərbaycan ədəbiyyatında ilk dilogiya sayılan "Məktubati-Şeyda bəy Şirvani" əsəri ilə realizmin və didaktik nəsrin əsaslarını möhkəmləndirib. S.M.Qənizadə “Allah xofu”, “Qurban bayramı” və s. hekayələri, “Nаbəkаr qоnşu”, «Хоr-хоr», «Yаdımdаdır» və sаir təbdillərin müəllifidir. Sаğlаm dünyаgörüşlü gənc nəsli tərbiyə еtmək fikri S.M.Qənizаdənin həm bədii yаrаdıcılığındа, həm də еlmi-mеtоdik əsərlərində öz əksini tаpıb. Ömrünü xalqın maariflənməsinə həsr edən S.M. Qənizadə, 1937-ci ildə repressiya qurbanı olsa da, zəngin ədəbi irsi öz aktuallığını itirməyib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak edib.
|
|