|
Beynəlxalq Rəqs Günü
|
|
28.4.2026
|
|
28 aprel 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Rəqs Günü” adlı sərgi təşkil edilib.
Sərgidə 18 adda çap məhsulu nümayiş edilir.
Sərgidə R. Bəhmənlinin “Azərbaycan qədim rəqs havaları” adlı kitabında Azərbaycan rəqs janrının bütün növlərini əhatə edən 452 melodiyanın not yazısı, ritmik xüsusiyyətləri, “Azərbaycan cəngi rəqsləri” toplusunda isə oyun havalarının təsnifatı, yallıların yaranma tarixi, xoreoqrafik oyun qaydaları, eləcə də 28 cəngi rəqsinin not yazısı haqqında məlumat verilib. K. Həsənovun “Qədim Azərbaycan rəqsləri” adlı kitabında qədim Azərbaycan rəqslərinin yaranması, onların musiqi müşayiəti, ifaçılıq məharəti öz əksini tapıb. Ə. Kərimlinin “Yallı” adlı kitabında Naxçıvan bölgəsində, xüsusilə Şərur torpaqlarında yaranmış əlliyə yaxın yallı haqqında məlumat verilib. Ə. Məmmədli, K. Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” adlı kitabında Azərbaycanda, xüsusilə, Naxçıvan-Şərur bölgəsində ifa olunan yallıların xüsusiyyətləri, not yazıları, həmçinin yallıları müşayiət edən musiqi dəstəsi və bu dəstədə istifadə olunan çalğı alətlərindən bəhs edilib. M. Çəmənlinin “Səhnəmizin ağ çiçəyi” adlı kitabında Azərbaycan Respublikasının Xalq artisti Roza Cəlilovanın həyat və səhnə fəaliyyətindən söhbət açılıb. T. Bünyadovun “Əsrlərdən gələn səslər” adlı kitabına rəqs sənətimizin tarixi, rəqqasələrimiz və daha çox şöhrətə çatan Əminə xanım Dilbazi haqqında məlumatlar daxil edilib.
Sərgidə, həmçinin O. Rəcəbov və başq. “Azərbaycan xalq rəqslərinin fortepiano üçün işləmələrinin xüsusiyyətləri”, Ə. İsazadə və B. Hüseynlinin “Xalq mahnı və rəqs ansamblı”, Ü. Hacıbəylinin “Ləzgi rəqsi”, G. Məmmədovanın “Naxçıvan musiqi folkloru”, Y. Əsədovanın “XX əsr Azərbaycan musiqişünaslığında xalq musiqisinin tədqiqi məsələləri, “Üzeyir Hacıbəyov ensiklopediyası”, “Azərbaycan milli azlıqların mahnı – rəqs folkloru”, “Народные танцевальные мелодии Азербайджана” və s. Azərbaycan və xarici dildə çap materialları nümayiş edilir.
Sərgi 04 may 2026-cı il tarixədək nümayiş ediləcək.
|
|