|
Məmməd Səid Ordubadi anım günü
|
|
1.5.2026
|
|
01 may 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin anım günü ilə bağlı “Dumanlı Təbriz” əsərinin müzakirəsi keçirilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Məmməd Səid Ordubadi bütün ömrü və yaradıcılığı boyu mənsub olduğu xalqın milli ruhunu, mənafeyini həm ürəyində, həm də qələmində daşımış sənətkarlardandır. O, milli kimliyini çox yaxşı dərk edir, bəzən açıq, bəzən qapalı şəkildə öz əsərlərində əks etdirməkdən çəkinmirdi. Ona görə də, illər keçməsinə baxmayaq, o, müasir yazıçı kimi oxunur və sevilir.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron zal müdiri Heyran Talıbova “Böyük ədib – Məmməd Səid Ordubadi” və kitabxanaçı Əfsanə Bayramlı “Dumanlı Təbriz” əsərində azadlıq və demokratiya ideyaları” adlı mövzularla çıxış edərək bildiriblər ki, ədib təkcə yazıçı deyil, həm də xalqın yaddaşını oyadan bir tarixçi-salnaməçi missiyasını yerinə yetirib. Onun qələmə aldığı obrazlar və hadisələr oxucunu keçmişlə gələcək arasında körpü qurmağa, milli köklərinə bağlı olmağa sövq edir. Ordubadi “Molla Nəsrəddin” ədəbi məktəbinin fəal üzvü kimi kəskin satirik şeirləri və publisistikası ilə cəhalətə qarşı mübarizə aparıb. Onun yaradıcılığı Azərbaycanın son iki əsrlik tarixinin bədii ensiklopediyasıdır. Ədib, həmçinin “Qanlı illər”, "Gizli Bakı", "Qılınc və qələm", "Döyüşən şəhər" adlı əsərlərinə görə şöhrət qazanıb. Ordubadinin "Dumanlı Təbriz" romanı 1905-1911-ci illər İran inqilabını, Səttarxan hərəkatını bütün əzəməti ilə göz önündə canlandırır. Əsərdə XX əsrin əvvəllərində Cənubi Azərbaycanda baş verən Məşrutə hərəkatı, Səttarxan və Bağırxan kimi xalq qəhrəmanlarının mübarizəsi böyük ustalıqla təsvir edilib. Yazıçı Təbrizin dumanlı səması fonunda Azərbaycan xalqının istiqlal arzularını, hürriyyət eşqini və yadelli işğalçılara qarşı sarsılmaz iradəsini ön plana çəkib.
Sonra əsər ətrafında müzakirə aparılıb.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 30 nəfər iştirak edib.
|
|