|
"Qələbə misraları, yurd tərənnümü"
|
|
18.5.2026
|
|
18 may 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, yazıçı-publisist Fərəc Fərəcovun “Qələbə misraları, yurd tərənnümü” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Fərəc Fərəcov çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan istedadlı və zəhmətkeş yazıçı-publisist kimi tanınır. O ədəbiyyatın bir neçə növündə, epik və lirik növlərin müxtəif janrlarında maraqlı əsərlər yazıb. Yazdığı əsərlər onun xalqın ruhuna nə qədər yaxın bir sənətkar olduğunu sübut edir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Fərəc Fərəcovun qələm dünyası”, Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, yazıçı-publisist Hüseyn Əsgərov “Müəllifin yaradıcılığının bədii xüsusiyyətləri”, AMEA Naxçıvan Bölməsi Ədəbiyyat, Dil və İncəsənət İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramiz Qasımov “Kitabın bədii-estetik dəyəri”, Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov “Naxçıvan ədəbi mühitində Fərəc Fərəcov imzası”, yazıçı-publisist Ədalət Cəfərov “Gənc nəslin tərbiyəsində kitabın əhəmiyyəti”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Kitabda vətən, xalq və qələbə motivləri” adlı mövzularla çıxış edərək bildiriblər ki, “Qələbə misraları, yurd tərənnümü” adlı yeni şeirlər kitabı müəllifin Vətənə və möhtəşəm Qələbəmizə olan sonsuz sevgisindən xəbər verir. Kitabda Vətəni canından artıq sevən əsgərlərimizin misilsiz qəhrəmanlıqları tərənnüm edilib. Müəllif “Qarabağ qovuşdu Azərbaycana” şeirində Ali Baş Komandanın rəşadətini və xalqın qələbə əzmini oxucunun qəlbinə toxunacaq bir dillə ifadə edib. Şair cəmiyyətdəki neqativ hallara qarşı da laqeyd qalmır, o, “Xəsis”, “Tikanlı adam”, “Demaqoq” kimi satirik şeirləri ilə paxılları və xəsisləri ifşa edərək insanları insanlığa səsləyir. Yeni nəşr Fərəc müəllimin ədəbi dünyasının həm oxucular, həm də tədqiqatçılar üçün nə qədər aktual və dəyərli olduğunu təsdiqləyir.
Sonra şairin jurnalist yoldaşlarından Əbülfəz Dünyamalıyev və Salihə Salahova kitab haqqında fikirlərini bildirib, müəllifə yaradıcılıq uğurları arzu ediblər.
Sonda müəllif tədbirin təşkili üçün kitabxana rəhbərliyinə və iştirakçılara öz təşəkkürünü bildirib.
Tədbirdə 38 nəfər iştirak edib.
|
|