|
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm yer tutur
|
|
26.5.2026
|
|
26 may 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 28 May – Müstəqillik Günü münasibətilə Naxçıvan şəhər İcra Hakimiyyəti və Qaraçuq kənd klubunun birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm yer tutur” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. 108 il bundan əvvəl - 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edildi.
Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov “28 May – Müstəqillik Günüdür”, Qaraçuq kənd klubunun direktoru Yasəmən Əliyeva “İstiqlal yolunun başlanğıcı”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Şərqin ilk demokratik respublikası” və Qaraçuq kənd kitabxana filialının kitabxanaçısı Sənəm Bağırova “Tariximizin şanlı səhifəsi” adlı mövzularla çıxış edərək bildiriblər ki, 28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini müstəsna dərəcədə zənginləşdirib. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə XI Qızıl Ordu tərəfindən süquta uğrasa da, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan dövləti quruldu və inkişaf yoluna qədəm qoydu.
Tədbirin sonunda "28 May Müstəqillik Günü" adlı sərgiyə baxış keçirilib.
|
|