|
"Mütaliə Günü"
|
|
12.6.2026
|
|
12 iyun 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Qaraçuq kənd klubunun birgə təşkilatçılığı ilə “Mütaliə Günü” münasibətilə “Mütaliə mədəniyyətdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, cəmiyyətin intellektual gələcəyi birbaşa mütaliə səviyyəsindən asılıdır, mütaliə vasitəsilə əldə etdiyimiz uğurlar sayəsində işıqlı gələcəyə nail oluruq. Mütaliə ilk növbədə insanların ictimai şüurunun formalaşmasına, nitq səviyyəsinin yüksəlməsinə təsir göstərən ən güclü amillərdəndir. Dünya elminə töhfə verən alimlər elmi biliklərini əsasən müstəqil mütaliə nəticəsində əldə ediblər.
Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov mütaliənin faydaları haqqında məlumat verib, müasir dövrdə mütaliənin vacibliyini vurğulayıb.
Sonra Qaraçuq kənd klubunun direktoru Yasəmən Əliyeva “Mütaliə: zəkanın və təxəyyülün sərhədsiz dünyası”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Mütaliə mədəniyyəti”, baş kitabxanaçı İsmayıl Quliyev “Mütaliə zehni inkişaf etdirir” adlı mövzularla çıxış edərək bildiriblər ki, mütaliə keçmişlə gələcək arasında körpü rolunu oynayır. İnsan çox mütaliə edərsə onun dünyagörüşü daha da zəngin olar. Bir cəmiyyətdə oxumağı, yazmağı bacaranların sayı nə qədər artıq olarsa, o cəmiyyət daha da inkişaf edər və hər yerdə öz dəyərləri ilə seçilmiş olar. Mütaliə insanı söhbətcil, hazırcavab edir və təfəkkürü dərinləşdirir. Kitab oxumaq insana motivasiya verir, ruhlandırır, bilmədiyimiz dünyaları bizə açır, daha müsbət nəticələr əldə etməyə kömək edir. Məlumdur ki, bədii əsərlər oxucunun hisslərinə, şüuruna və davranışına güclü təsir göstərir. Müntəzəm mütaliə bədii təxəyyülü zənginləşdirməklə yanaşı, həm də gənclərin gələcəkdə bir şəxsiyyət və mütəxəssis kimi formalaşmasında da ən güclü vasitədir. Kitab oxumağı həyat tərzinə, gündəlik tələbata çevirmək mütaliə mədəniyyətinin ən ali pilləsidir. Yüksək mütaliə mədəniyyətinə malik olan fərd və cəmiyyətlər hər zaman öz intellektual potensialı, analitik təfəkkürü və mənəvi yetkinliyi ilə fərqlənirlər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirdə 40 nəfər iştirak edib.
|
|