|
Vəli Əliyev - 90
|
|
16.7.2026
|
|
16 iyul 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tarix elmləri doktoru, professor Vəli Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Sərgidə alimin uzun illər apardığı tədqiqatların nəticəsi olan elmi əsərləri, dövri mətbuatda çap olunan məqalələri mümayiş edilir.
Vəli Əliyevin "Gəmiqaya" adlı kitabı Naxçıvanın Ordubad rayonundakı Qapıcıq-Gəmiqaya zirvəsində aşkar edilmiş qədim qayaüstü rəsmlərin tədqiqinə həsr olunub. Kitabda eramızdan əvvəl IV-I minilliklərə aid təsvirlərin qədim insanların məişətini, dini-mifoloji inanclarını və ilkin estetik dünyagörüşünü necə əks etdirdiyi elmi dillə şərh olunub. “Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti” adlı kitabda Tunc dövründə, xüsusilə Naxçıvan bölgəsində çiçəklənən boyalı qablar mədəniyyəti, dulusçuluq sənəti və gil qablar üzərindəki naxışların mifik mənaları araşdırılıb, qabların üzərinə çəkilmiş həndəsi naxışlar, heyvan fiqurları və insan təsvirləri tədqiq olunub. “Tarixin izləri ilə” adlı kitabda qədim yaşayış yerləri, əcdadlarımızın gündəlik məişəti, dulusçuluq sənəti və mifik inancları araşdırılıb. “Gəmiqaya abidələri” adlı kitabda ərazidəki yaşayış məskənlərindən tapılan maddi mədəniyyət nümunələri ilə qayalar üzərindəki maral, keçi, öküz, araba və insan təsvirlərinin qədim insanların real məişətini və dini-mifik dünyagörüşünü əks etdirdiyi elmi şəkildə əsaslandırılıb. Müəllifin "Azərbaycan SSRİ Elmlər Akademiyasının Xəbərləri" jurnalının 1962-ci il tarixli 2-ci sayında işıq üzü görən "Naxçıvanda Tunc dövrünün yeni abidəsi" adlı məqaləsi bütövlükdə II Kültəpə yaşayış yerinin kəşfinə və onun ilk arxeoloji tədqiqatlarına həsr olunub.
Sərgidə həmçinin “Naxçıvan ensiklopediyası”nın I cildi, “Ədəbiyyat və incəsənət” qəzetinin 1974-cü il 5 dekabr tarixli sayında çap olunan “Naxçıvan şəhər mədəniyyətinin izləri”, “Şərq qapısı” qəzetinin 1976-cı il 5 yanvar tarixli sayında çap olunan “Tariximizin qiymətli səhifələri”, “Şərq qapısı” qəzetinin 1971-ci il 3 sentyabr tarixində çap olunan “Qazıntılar qədim mədəniyyət nümunələridir” adlı məqalələri nümayiş edilir.
Sərgi 23 iyul 2026-cı il tarixədək nümayiş ediləcək.
|
|